Rusiya Ermənistana qarşı ikinci cəbhə aça bilər – İrəvandan sensasion ssenari
Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının mümkün çıxarılması Ermənistanda yeni müzakirələrə səbəb olub.
VOMA hərbi-siyasi təşkilatının rəhbəri, kəşfiyyatçı Vova Vartanov prosesin hətta Ermənistanla Rusiya arasında hərbi qarşıdurmaya qədər gedə biləcəyini iddia edib.
Onun fikrincə görə, Rusiya bazası Gümrüdən çıxarılsa, Ermənistan yaranacaq boşluğu doldurmaq üçün əlavə 25 min nəfərlik hərbi qüvvəyə ehtiyac duyacaq. Bunun 5 min nəfərinin fəaliyyətdə olan hərbçilərdən, 20 mininin isə ehtiyat qüvvələrdən ibarət olması lazım gələcək. Vartanyan həmin sərhəd istiqamətində sərhədçilərin sayının da daha 5 min nəfər artırılmasının zəruri olacağını bildirib.
O, Rusiya bazasının çıxarılacağı halda silah və hərbi texnika çatışmazlığının da ayrıca problemə çevriləcəyini deyib.
Vartanovun ən diqqətçəkən açıqlaması isə mümkün Rusiya-Ermənistan qarşıdurması ilə bağlı olub.
“Əgər Ermənistan Rusiyanın regiondakı hərbi mövcudluğuna mane olarsa, Rusiya Ermənistana qarşı ikinci cəbhə açmağa məcbur qala bilər”, – o iddia edib.
Vartanov buna misal olaraq Ermənistanın Rusiya bazasının su təchizatını dayandırması və ya bazaya gedən hərbi yüklərin yolunu bağlaması kimi hipotetik halları göstərib.
O, eyni zamanda Aİ və Avrasiya İqtisadi İttifaqı məsələsində referendum keçirilməməsinin öz-özlüyündə Rusiyanın Ermənistana qarşı hərbi addım atmasına səbəb olacağını düşünmür. Vartanovun fikrincə, belə vəziyyətdə Moskva hərbi deyil, iqtisadi və siyasi təzyiq vasitələrinə əl ata bilər.
VOMA rəhbəri Rusiya ilə münasibətlərin indiki vəziyyətə gəlməsində İrəvanın özünün də rolunun olduğunu bildirib. O, Ermənistanın vaxtilə KTMT-nin baş katibi Yuri Xaçaturovu həbs etməsini və Rusiya hərbi bazası əleyhinə keçirilən aksiyaları xatırladaraq Kremlin bütün bunları nəzərə aldığını deyib.
Vartanovun fikrincə, Putin bu dəfə bazanın çıxarılmasının mümkünlüyünü açıq şəkildə dilə gətirməklə Ermənistan-Rusiya münasibətlərində “va-bank” gedib.
Mənbə: musavat.com