Mladiçə “soyqırımçı”, erməni separatçılarına “girov” - Avropanın ədalət tərəzisi niyə əyilib?

Mladiçə “soyqırımçı”, erməni separatçılarına “girov” -

Srebrenitsa soyqırımının təşkilatçılarından biri, “Bosniya qəssabı” kimi tanınan hərbi cinayətkar Ratko Mladiçin dəfn mərasimindən yayılan görüntülər Avropada yenidən ciddi siyasi reaksiyalara səbəb olub. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Belqraddakı mənzərəni “şokedici” adlandırıb, Mladiçi soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə məhkum edilmiş şəxs kimi xarakterizə edib. O, dəfn mərasimində bəzi yüksək vəzifəli serb rəsmilərinin iştirakını da tənqid edərək bunun Serbiyanın Avropa İttifaqına gedən yolu ilə ziddiyyət təşkil etdiyini bildirib.

XkhxopiD7r2zeFiLQmxaGsN93jq2jXu7J3m8WEya_1200.jpg (134 KB)

Bura qədər Avropanın mövqeyində qeyri-adi heç nə yoxdur. Müharibə cinayətləri, soyqırım və insanlıq əleyhinə cinayətlərə münasibətdə prinsipial mövqe sərgiləmək təqdir olunmalıdır. Ancaq məsələ məhz bundan sonra başlayır. Çünki haqlı olaraq Ratko Mladiçin adını çəkən, onun keçmiş Yuqoslaviyada törədilmiş cinayətlərlə bağlı məsuliyyətini xatırladan Avropa siyasi elitasına bir neçə sadə sual vermək lazım gəlir: Nə üçün Azərbaycanın ərazisində törədilmiş cinayətləri bu qədər həssaslıqla dilə gətirmirsiz? Bəs Xocalı? Qarabağda azərbaycanlılara qarşı törədilmiş qətllər, işgəncələr, etnik təmizləmə və digər ağır cinayətlər harada qaldı? Bəlkə həmin cinayətlərin məsul şəxslərini dilə gətirəsiz? Niyə Azərbaycan məhkəməsində ağır cinayətlərə görə məsuliyyətə cəlb edilən şəxslərin məsələsinə gələndə Avropanın dili dəyişir?

XOCALİ.jpg (50 KB)

Ursula fon der Lyayen Mladiçin dəfn mərasimində iştirak edən yüksək vəzifəli şəxsləri tənqid edir və bunu Avropa dəyərlərinə zidd hesab edir. Bu yanaşmanın məntiqi aydındır: ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qəhrəmanlaşdırılması yolverilməzdir. Bəs eyni prinsip Azərbaycanın ərazi bütövlüyünə qarşı silahlı fəaliyyət göstərmiş, terror və digər ağır cinayətlərdə ittiham olunan şəxslərə münasibətdə niyə eyni sərtliklə tətbiq edilmir?

LGv6syCjmbSC6S2wQNoEIsEFGf2WpUqKMJcqlRGZ_1200.jpg (69 KB)

Azərbaycanda Qarabağ münaqişəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş bir sıra şəxslər üzrə məhkəmə prosesləri keçirilib. Onların arasında keçmiş separatçı rejimin rəhbərləri, hərbi və siyasi strukturlarında yüksək vəzifə tutmuş şəxslər də var. Azərbaycan məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, keçmiş separatçı rejimin rəhbərliyində olmuş Arayik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayan ömürlük həbs cəzası alıb. Arkadi Qukasyan və Bako Saakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdyan və Levon Balayan 16 il, Vasili Beglaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Azərbaycanın mövqeyinə görə, həmin şəxslər sadəcə “siyasi opponentlər” və ya “keçmiş məmurlar” deyillər. Onlar Azərbaycanın Baş Prokurorluğunun ittihamları və məhkəmə hökmündə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi və digər ağır cinayətlərlə əlaqələndiriliblər. Lakin Avropanın müəyyən siyasi dairələri bu prosesə tamam başqa prizmadan yanaşır. Avropa Parlamentində 2025-ci ildə qəbul edilmiş qətnamədə Qarabağdan olan erməni şəxslər “erməni girovları” kimi təqdim edilib və onların dərhal, qeyd-şərtsiz azad olunmasına çağırış səsləndirilib.

Sənəddə Ruben Vardanyan, Arayik Arutyunyan və Bako Saakyan da daxil olmaqla keçmiş Qarabağ rəhbərlərinin məhkəmələri “şou məhkəmələri” kimi xarakterizə edilib. Daha sonra, 2026-cı ildə də Avropa Parlamentinin bir sıra üzvləri Bakıda məhkum edilmiş erməni şəxslərin məsələsində Azərbaycanı tənqid edib və onların azad edilməsinə çağırışlarını davam etdiriblər.

Beləliklə, ortaya çox ciddi sual çıxır: Əgər Mladiçin cinayətlərinə görə məhkum edilməsi onun ölümündən sonra belə Avropa üçün siyasi prinsip məsələsidirsə, Azərbaycan məhkəmələrinin ağır cinayətlər üzrə çıxardığı qərarlara niyə əvvəlcədən “siyasi məhkəmə”, “şou məhkəməsi”, “qanunsuz həbs” damğası vurulur? Xocalının qurbanları niyə Avropanın gündəmində eyni çəkidə deyil?

Azərbaycan cəmiyyətinin Avropa institutlarından gözləntisi əslində çox sadədir: eyni meyar. Srebrenitsa qurbanının ağrısı necə tanınırsa, Xocalı qurbanının ağrısı da elə tanınmalıdır. Bosniyada öldürülən minlərlə insanın faciəsi necə insanlıq faciəsi kimi qiymətləndirilirsə, Xocalıda dinc azərbaycanlıların öldürülməsi də eyni mənəvi və hüquqi ölçü ilə qiymətləndirilməlidir. Ancaq Azərbaycan ictimaiyyətinin illərdir gördüyü mənzərə tamam başqadır. Avropa siyasi institutlarının bəzi nümayəndələri Azərbaycanın həbsxanalarında cəza çəkən erməni əsilli şəxslərin adlarını ardıcıl şəkildə çəkir, onların azad edilməsini tələb edir, Azərbaycan dövlətinə qarşı sanksiya çağırışları səsləndirir.

469ZS8OMQTCwQ0c2a4aTAiaE7pa3SJq4ou5fWYMs_1200.jpg (194 KB)

Avropa Parlamentinin 2025-ci ildə qəbul etdiyi qətnamə 523 səs lehinə, 3 səs əleyhinə və 84 bitərəf olmaqla qəbul edilib və sənəddə erməni məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunub. Həmçinin Azərbaycan rəsmilərinə qarşı sanksiyalar çağırışı yer alıb. Amma Azərbaycan xalqının özünün yaşadığı faciələrə gəldikdə həmin siyasi fəallığın eyni səviyyəsini görmək çətindir. Xocalının uşaqları, qadınları, qocaları üçün eyni səviyyədə siyasi kampaniya haradadır? Erməni silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərinə hücumları nəticəsində həlak olan mülki şəxslər üçün Avropa Parlamentinin neçə qətnaməsi qəbul edilib? Azərbaycan ərazilərində mina basdırılmasına, mülki insanların mina partlayışları nəticəsində həyatını itirməsinə görə eyni sərt siyasi təzyiq niyə nümayiş etdirilmir? Bu sualların cavabı verilmədən Avropanın “insan hüquqları” və “müharibə cinayətlərinə münasibətdə prinsipiallıq” ritorikası Azərbaycanda ciddi etimad problemi ilə qarşılaşacaq.

6RBKJHsVfpPJL3Vckcbsv8TfPR2RZHISd07FDyE9_1200.jpg (74 KB)

Ruben Vardanyan məsələsi bu ikili standart müzakirəsinin ən parlaq nümunələrindən birinə çevrilib. Vardanyan 2023-cü ildə Azərbaycan ərazisində saxlanılıb. Azərbaycan tərəfi ona qarşı terrorçuluq, qanunsuz silahlı birləşmələrin maliyyələşdirilməsi və digər ağır cinayətlərlə bağlı ittihamlar irəli sürüb. Azərbaycan məhkəməsi sonrakı mərhələdə onun və digər təqsirləndirilən şəxslərin işinə baxıb. Vardanyanın özü isə 2026-cı ilin fevralında 20 il müddətinə azadlıqdan məhrum edilib. Avropa Parlamentinin isə məsələyə yanaşması dəfələrlə fərqli olub. 2025-ci ildə qəbul edilmiş sənədlərdə Vardanyanla yanaşı Arayik Arutyunyan, Bako Saakyan və digər keçmiş Qarabağ rəhbərləri də daxil olmaqla erməni məhbusların azad edilməsi tələb olunub. 2026-cı ildə də Avropa Parlamentinin Cənubi Qafqaz üzrə və insan hüquqları üzrə məsul deputatları Azərbaycanda verilmiş hökmlərdən narazılıqlarını bildirərək bütün erməni saxlanılan şəxslərin azad edilməsinə çağırıblar. Burada prinsipial məsələ məhkəmə hökmünün düzgün olub-olmaması barədə siyasi hökm çıxarmaq deyil. Əsas məsələ budur: Avropa Parlamenti Azərbaycan məhkəməsinin qərarını niyə avtomatik olaraq siyasi motivli hesab etməyə meyllidir? Əgər məhkəmə prosesində konkret pozuntu olduğuna dair əsaslar varsa, həmin pozuntular konkret hüquqi faktlarla ortaya qoyulmalıdır. Amma bütöv məhkəmə prosesini əvvəlcədən “şou məhkəməsi” elan etmək, təqsirləndirilən şəxsləri “girov” adlandırmaq və qeyd-şərtsiz azadlığa çağırmaq artıq hüquqi müşahidədən daha çox siyasi mövqeyə bənzəyir. Burada daha bir paradoks ortaya çıxır. Avropa Parlamenti Azərbaycanla bağlı sənədlərində erməni məhbusların hüquqlarını, onların müdafiəsini, məhkəmə proseslərini və azadlığa buraxılmasını geniş şəkildə gündəmə gətirir. Bu, prinsip etibarilə normaldır. İnsan hüquqları ilə bağlı hər bir narahatlığın araşdırılması mümkündür. Amma eyni həssaslıq Azərbaycanın hüquqları pozulmuş vətəndaşlarına münasibətdə də nümayiş etdirilməlidir. Əks halda insan hüquqları universal prinsip yox, siyasi alət təsiri bağışlayır. Məhz Azərbaycan ictimaiyyətində yaranan əsas narazılıq da budur.

Avropa üçün insan hüquqları həqiqətən universaldır, yoxsa geosiyasi tərəfdaşlığa və siyasi simpatiyalara görə dəyişən anlayışdır?

İndi Ursula fon der Lyayenin bəyanatına qayıdaq. O deyir ki, Mladiçin dəfnində rəsmi dəstək elementlərinin olması Avropanın yaxın tarixinin qaranlıq səhifəsi ilə üzləşməkdə uğursuzluğu göstərir. Çox doğru. Amma onda Avropa özü də özünün yaxın tarixindəki başqa qaranlıq səhifələrlə üzləşməlidir. Qarabağ münaqişəsi zamanı Azərbaycan ərazilərinin işğalı, yüz minlərlə azərbaycanlının doğma torpaqlarından qovulması, Xocalı faciəsi, itkin düşən azərbaycanlılar, kütləvi məzarlıqlar və digər ağır hadisələr də bu tarixin bir hissəsidir. Əgər Avropa Serbiyadan keçmişi ilə üzləşməyi tələb edirsə, Azərbaycan-Ermənistan münaqişəsinin keçmişi ilə bağlı da eyni prinsipiallığı nümayiş etdirməlidir. Yoxsa bir tərəfdə “müharibə cinayətkarı”, digər tərəfdə isə “siyasi məhbus” ifadələrinin seçilməsi Avropanın özünün siyasi yanaşmasını sual altına qoyur.

RESMİ SON.jpg (244 KB)

Əslində, Azərbaycan məsələsində Avropa ilə fikir ayrılığının kökündə yalnız ayrı-ayrı şəxslərin həbs edilməsi dayanmır. Məsələ daha dərindir. Məsələ meyardır. Əgər müharibə cinayətləri törətmiş şəxsə münasibətdə “ədalət” tələb olunursa, bu prinsip bütün dövlətlərə tətbiq edilməlidir. Əgər separatçı strukturlarda rəhbər olmuş şəxslərin məsuliyyətə cəlb edilməsi “siyasi təqib” adlandırılırsa, onda Avropa bunun hüquqi əsaslarını konkret göstərməlidir. İnsan hüquqları müdafiə edilirsə, Azərbaycan vətəndaşlarının hüquqları da eyni həssaslıqla müdafiə edilməlidir. Məhkəmələrin müstəqilliyi tələb olunursa, Azərbaycanın məhkəmələrinin qərarlarına əvvəlcədən siyasi hökm verilməsi də doğru deyil. Əks halda ortaya çox təhlükəli mənzərə çıxır: Avropa öz dəyərlərini universal prinsip kimi deyil, geosiyasi maraqlarına uyğun seçilən siyasi alət kimi təqdim etmiş olur. Azərbaycan artıq bu oyunu görür. Ölkəmizin Avropa institutları ilə münasibətlərində son illərdə yaranan gərginliyi də bu kontekstdən kənarda düşünmək olmaz.

Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətinin faktiki dayanması, Bakı ilə Strasburq arasında qarşılıqlı etimad böhranının dərinləşməsi təsadüfi hadisə deyil. Bakı dəfələrlə Avropa institutlarının Azərbaycana qarşı ikili standart tətbiq etdiyini bildirib. Azərbaycanın mövqeyinə görə, ölkəyə qarşı insan hüquqları məsələsi siyasiləşdirilir, Qarabağ münaqişəsinin yaratdığı reallıqlar isə çox zaman nəzərə alınmır. Bu arqumentləri qəbul edib-etməmək başqa məsələdir. Amma Avropa institutlarının öz davranışları bu iddiaların niyə Azərbaycan cəmiyyətində geniş yayıldığını izah etməlidir. Çünki eyni hadisəyə müxtəlif ölkələrə münasibətdə müxtəlif adlar verildikdə etimad dağılır.

Ursula fon der Lyayen Ratko Mladiçin adını çəkdi. Azərbaycan cəmiyyətinin isə ona verəcəyi sadə sual var:: Bəs Arayik Harutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan, Madat Babayan, Melikset Paşayan, Qarik Martirosyan, Davit Allahverdyan, Levon Balayan, Vasili Beglaryan, Qurgen Stepanyan və Erik Qazaryan? Azərbaycan məhkəməsinin hökmü ilə bu şəxslərin hər biri ağır cinayətlər üzrə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib və həmin hökmlərin bir hissəsi apellyasiya instansiyasında da qüvvədə saxlanılıb. Bəs Avropa siyasi dairələrinin bu şəxslərin adlarını çəkərkən onların Azərbaycan xalqına qarşı ittiham olunduqları cinayətlərin mahiyyətini də eyni açıq şəkildə xatırlatması haradadır? Bəs Qarabağda Azərbaycan əhalisinə qarşı cinayətlərdə ittiham olunan şəxslər? Xocalı? Azərbaycan torpaqlarında törədilmiş cinayətlər? erməni silahlı qüvvələrinin Azərbaycan şəhərlərinə hücumları nəticəsində həlak olan mülki şəxslər? Mina terrorunun qurbanları?

Avropa həqiqətən “keçmişin qaranlıq səhifələri ilə üzləşmək” istəyirsə, bunu seçmə şəkildə edə bilməz. Srebrenitsanın ağrısı necə Avropanın ağrısıdırsa, Xocalının ağrısı da insanlığın ağrısı olmalıdır. Əks halda ortaya prinsip yox, siyasi selektivlik çıxır.

Bu gün Azərbaycan cəmiyyətində Avropanın müəyyən institutlarına qarşı “ikili standart” ittihamının güclənməsinin əsas səbəblərindən biri də budur: Avropa bəzi məsələlərdə özünün elan etdiyi universal prinsipləri özü pozan görüntü yaradır. Bir tərəfdən müharibə cinayətkarının qəhrəmanlaşdırılmasını pisləyir. Digər tərəfdən Azərbaycanın məhkəməsində ağır cinayətlər üzrə mühakimə olunan şəxslərin azad edilməsinə çağırır. Bir tərəfdən dövlətlərin ərazi bütövlüyünü və beynəlxalq hüququ müdafiə etdiyini bildirir. Digər tərəfdən separatçı rejimin keçmiş rəhbərlərini siyasi simvola çevirən sənədlərə imza atılır. Bir tərəfdən məhkəmə müstəqilliyindən danışılır. Digər tərəfdən müstəqil Azərbaycan məhkəməsinin qərarı siyasi ifadələrlə əvvəlcədən “şou məhkəməsi” elan edilir.

Avropa Parlamentinin 2025-ci il qətnaməsində hətta Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsi, Azərbaycanla enerji tərəfdaşlığının dayandırılması və erməni məhbusların qeyd-şərtsiz azad edilməsi kimi çağırışların yer alması bu siyasi xəttin miqyasını göstərir. Bütün bunlar Avropanın özünün elan etdiyi standartların inandırıcılığına zərbə vurur. Avropa İttifaqı və Avropa Parlamenti Azərbaycanla münasibətlərdə həqiqətən konstruktiv rol oynamaq istəyirsə, ilk növbədə öz siyasi dilini dəyişməlidir.

AVROPA SON.jpg (111 KB)

Azərbaycanı daim ittiham edən, Ermənistanın mövqeyini isə avtomatik olaraq “humanitar narahatlıq” çərçivəsində təqdim edən yanaşma regionda sülhə xidmət etmir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün Avropanın tərəf tutan vasitəçi yox, obyektiv arbitr kimi çıxış etməsi daha faydalı olardı. Bunun üçün isə bir şərt var: eyni meyar. Srebrenitsa qurbanlarına göstərilən həssaslıq Xocalı qurbanlarına da göstərilməlidir. Serbiyadan tələb olunan keçmişlə üzləşmək Ermənistanın və onun siyasi elitasının keçmişinə münasibətdə də tələb edilməlidir. Əks halda Avropanın “dəyərlər siyasəti” yalnız gözəl səslənən diplomatik ifadələrdən ibarət olacaq. Avropa unutmamalıdır ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Bakı öz milli maraqlarını və hüquqlarını daha açıq şəkildə müdafiə edir. Azərbaycan cəmiyyəti də hansısa Avropa paytaxtından gələn hər bəyanatı avtomatik olaraq “ədalət hökmü” kimi qəbul etmir. Bu gün Azərbaycanın verdiyi sual sadədir: Əgər beynəlxalq hüquq hamı üçün eynidirsə, niyə Avropanın tərəzisində bəzilərinin cinayəti “soyqırım”, digərlərinin cinayəti isə “münaqişə konteksti” olur? İnsan hüquqları universaldırsa, niyə Xocalı qurbanının hüququ ilə Qarabağdakı keçmiş separatçı rəhbərin hüququ eyni siyasi həssaslıqla müdafiə edilmir? Ədalət siyasətdən üstündürsə, niyə Avropa Parlamentində Azərbaycan məhkəmələrinin qərarlarına münasibətdə siyasi hökm vermək bu qədər asandır?

Fon der Lyayenin Mladiç haqqında sözləri əslində çox mühüm bir prinsip ortaya qoyur: müharibə cinayətləri unudulmamalıdır. Azərbaycan da bu prinsipə etiraz etmir. Əksinə, Bakı həmin prinsipin hamıya və hər yerdə eyni qaydada tətbiq olunmasını tələb edir. Çünki əsl problem Mladiçin adının çəkilməsi deyil. Əsl problem Mladiç üçün işləyən prinsipin Xocalıda niyə eyni səslə işləməməsidir. Avropanın cavab verməli olduğu əsas sual da məhz budur.

Cavanşir Abbaslı

Mənbə: musavat.com