Seneqal ASAN Xidmət modelini tətbiq etməyi planlaşdırır

Seneqal ASAN Xidmət modelini tətbiq etməyi planlaşdırır

Seneqal yaxın 3-4 ay ərzində ASAN Xidmət modeli əsasında vahid dövlət xidmətləri mərkəzi yaratmağı planlaşdırır.

Bunu jurnalistlərə Seneqal Respublikasının Dövlət Xidməti, Əmək və İslahatlar naziri Mamadu Lamina Diante Bakıda İslam Əmək Mərkəzi (İƏM) ilə Seneqal Respublikasının Dövlət Xidməti, Əmək və İslahatlar Nazirliyi arasında Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, Seneqal nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində ölkənin təcrübəsi ilə tanış olub.

“Azərbaycanda demək olar ki, xidmətlərin və prosedurların əksəriyyəti rəqəmsallaşdırılıb. Məsələn, bizdə müqavilələr imzalanır, lakin rəqəmsal formatda deyil. Azərbaycanda isə imzalanmaların, xüsusilə əmək müqavilələrinin imzalanmasının əksəriyyəti artıq tam rəqəmsallaşdırılıb”, – nazir deyib.

O qeyd edib ki, Seneqal nümayəndə heyəti ASAN Xidmət mərkəzini də ziyarət edib.

“Dünən ASAN Xidmət mərkəzində də olduq. Biz yaxın vaxtlarda ASAN Xidmət modelini ölkəmizdə tətbiq etmək istəyirik. ASAN Xidmətin sədrinin də qeyd etdiyi kimi, yaxın vaxtlarda, 3-4 ay ərzində ASAN modelinə uyğun olaraq Seneqalda dövlət xidmətlərinin bir mərkəzdə birləşdiriləcəyi vahid mərkəz yaratmağı planlaşdırırıq”, – Diante bildirib.

Nazir vurğulayıb ki, Seneqal tərəfi bu layihəni uğurla həyata keçirəcəklərinə ümid edir.

“Əminəm ki, yaxın vaxtlarda buna nail olacağıq. Hesab edirəm ki, bu səfər çərçivəsində çox dəyərli təcrübə əldə edəcəyik”, – nazir deyib.

Mənbə: az.trend.az