Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti çərçivəsində ən gözləniləməz və diqqətdən yayınan hadisə Çin Prezidenti Si Cinpinlə İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən bir neçə dəqiqəlik görüş oldu.
İran mediasının iddiasına görə, bu görüşdə iki lider bir çox məsələləri müzakirə ediblər. Çinin rəsmi media orqanları isə Si Cinpinin digər liderlərlə görüşünə uzun-uzadı yer versələr də, Pezeşkianla mütəvazi görüş barədə heç nə yazmayıblar.
Siyasi şərhçi Kənan Novruzov deyib ki, bu detal təsadüfi görünmür:
“Ən real ehtimal odur ki, Pekin Tehranla əlaqələri kəsmək istəmir, amma hazırkı mərhələdə bu yaxınlığı nümayişkaranə şəkildə göstərməkdən çəkinir. İran mediasının görüşü geniş siyasi məzmunlu təqdim etməsi Çinin Tehrana dəstəyini daxili və xarici auditoriyaya nümayiş etdirmək istəyindən qaynaqlana bilər.

Kənan Novruzov
Çin tərəfinin susması isə ayrıca diplomatik mesajdır: Si Cinpin Pezeşkianla təmasdan imtina etməyib, lakin onu rəsmi ikitərəfli görüş səviyyəsinə qaldırmayıb. Bu, Pekinin İranla strateji əlaqələri qoruyaraq eyni zamanda regiondakı digər aktorlarla və Qərblə münasibətlərində əlavə siyasi yük yaratmaq istəmədiyini göstərə bilər. Analitik qiymətləndirmələr də Çin–İran təmasının davam etdiyini, lakin Pekinin bunu ictimai şəkildə minimuma endirdiyini vurğulayır.
Yəni Bişkekdə əsas mesaj bəlkə də görüşün özündən çox, onun necə gizlədilməsi idi. Çin İranın tərəfdaşı olaraq qalır, amma hazırda onun yanında görünməyin siyasi qiymətini də hesablayır”.
Turan Rzayev
Mənbə: globalinfo.az