Prezident İlham Əliyevin Qırğızıstana son səfərləri Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasətin mühüm istiqamətlərindən birinə işarədir: Bakı artıq yalnız Cənubi Qafqazın güclü aktorlarından biri kimi deyil, Mərkəzi Asiya ilə Qafqazı, Xəzərin şərqi ilə qərbini və nəhayət, Asiya ilə Avropanı bir-birinə bağlayan strateji mərkəz kimi mövqeyini gücləndirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Polemik Medya”nın İdarə Heyətinin sədri Hakan Kılıç söyləyib.
Türk ekspert bildirib ki, Azərbaycanın üstünlüyü bir neçə coğrafiyanın eyni nöqtədə kəsişməsindən irəli gəlir. Xəzər vasitəsilə Qazaxıstan və Türkmənistana, Mərkəzi Asiya üzərindən Özbəkistan və Qırğızıstana, qərbdə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya, cənubda İrana və gələcəkdə yeni bağlantı layihələri vasitəsilə Naxçıvan üzərindən birbaşa Türkiyəyə çıxışı təmin edə biləcək nəqliyyat arxitekturası formalaşır. Bu şəraitdə Bakı yalnız enerji mərkəzi deyil, getdikcə nəqliyyat, logistika və siyasi əlaqələndirmə mərkəzi xüsusiyyəti də qazanır. Bu inkişafın Türk Dövlətləri Təşkilatı baxımından da xüsusi əhəmiyyəti var. Türk dünyasının gələcək gücü yalnız ortaq tarix, dil və mədəniyyət əsasında ölçülməyəcək. Əsas müəyyənedici amil dövlətlərin bir-birinə dəmir yolları, limanlar, enerji xətləri, investisiya fondları və ticarət sazişləri vasitəsilə nə dərəcədə bağlana bilməsi olacaq. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında qurulacaq güclü iqtisadi və nəqliyyat şəbəkəsi Türk Dövlətləri Təşkilatını yalnız siyasi və mədəni platforma olmaqdan çıxararaq konkret iqtisadi çəkisi olan inteqrasiya məkanına çevirə bilər. Azərbaycan-Qırğızıstan İnkişaf Fondu kimi birgə investisiya mexanizmləri bu baxımdan olduqca mənalı nümunələrdir. Çünki dövlətlər arasındakı qardaşlıq ritorikasının şirkətlərə, investisiyalara, istehsala və ticarətə çevrilməsi Türk dünyasının institusional inkişafının ən mühüm mərhələsidir.
H.Kılıç qeyd edib ki, Prezident Əliyevin Bişkekdə ŞƏT toplantısında iştirakı Azərbaycanın yalnız Türk dünyası daxilindəki münasibətlərini deyil, eyni zamanda, Çin və daha geniş Avrasiya coğrafiyası ilə əlaqələrini inkişaf etdirməsi baxımından da əhəmiyyətlidir. Burada Azərbaycanın diplomatik baxımdan diqqətçəkən bir üstünlüyü var: Bakı eyni vaxtda Türk Dövlətləri Təşkilatında fəal ölkə, ŞƏT-in dialoq tərəfdaşı, Avropanın mühüm enerji tərəfdaşı və Mərkəzi Asiyanın Qərbə çıxışında əsas tranzit mərkəzlərindən biri ola bilir. Bu çoxşaxəli mövqe günümüzdə getdikcə parçalanan beynəlxalq sistemdə Azərbaycana əhəmiyyətli manevr imkanları verir.
“Bişkek səfərinin digər mühüm istiqaməti Prezident Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş idi. Görüşdə artıq yalnız siyasi sülh prosesi deyil, Azərbaycan neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən gələn malların Azərbaycan üzərindən Ermənistana tranziti, qarşılıqlı ticarətin yaradılması və TRIPP bağlantısının həyata keçirilməsinə yönəlmiş konkret addımlar da müzakirə edildi. Məncə, bu məqam regional transformasiya baxımından xüsusilə əhəmiyyətlidir. Əgər Azərbaycan-Ermənistan normallaşması nəqliyyat və ticarət bağlantılarına çevrilərsə, Naxçıvan üzərindən Türkiyə istiqamətində xətlər fəaliyyətə başlayarsa və bunlar Orta Dəhlizlə inteqrasiya olunarsa, yaranacaq coğrafi bağlantı yalnız Cənubi Qafqaza deyil, daha geniş regiona təsir göstərə bilər”, - deyə H.Kılıç qeyd edib.
Mənbə: azertag.az