Rusiya Böyük Britaniyaya Ukrayna ordusunun dronlarla təmin edilməsinin mümkün nəticələri barədə xəbərdar edib.
“Reuters”in məlumatına görə, Rusiyanın Londondakı səfirliyi “The Times” qəzetində Britaniya istehsalı dronların Ukraynanın Rusiyaya hücumlarında istifadə edildiyi barədə dərc olunan məqaləyə münasibət bildirib.
Səfirliyin “Telegram”da yaydığı bəyanatda bildirilib ki, Londonun bu addımları “qaçılmaz olaraq, cavab verməli olduğu nəticələrə səbəb olacaq”.
Bəyanatda qeyd olunub ki, Britaniyanın münaqişədə iştirakı dərinləşdikcə, ödəyəcəyi bədəl də yüksək olacaq.
Qeyd edək ki, “The Times” qəzetində rəsmi Londonun Ukraynanı dronlarla təmin etməsi ilə bağlı məqalə dərc edilib. Böyük Britaniyanın Müdafiə Nazirliyi isə bu məlumatı təsdiqləməyib.
İyun ayında Böyük Britaniya 2026-cı ilin sonunadək Ukraynaya ümumilikdə 752 milyon avro dəyərində 150 min dron göndərəcəyini açıqlayıb.
Mənbə: apa.az