Rusiya Ukraynada genişmiqyaslı müharibənin beşinci ilində də əhalini hava hücumları barədə xəbərdar edən vahid sistem və geniş sığınacaq şəbəkəsi yarada bilməyib.
İsrailli hərbi jurnalist və ekspert David Şarp Rusiyadakı vəziyyəti İsrail təcrübəsi ilə müqayisə edərək ölkənin kütləvi hava hücumlarına nə texniki, nə təşkilati, nə də bürokratik baxımdan hazır olduğunu bildirib.
Ekspertin sözlərinə görə, İsraildə hava təhlükəsi barədə əhalinin xəbərdar edilməsi eyni vaxtda bir neçə kanalla həyata keçirilir. Küçələrdə və məktəblərdə sirenlər quraşdırılıb, mobil tətbiqlər vasitəsilə bildirişlər göndərilir. Tətbiqi olmayan və ya mobil internetdən istifadə etməyən şəxslərə isə “Cell Broadcast” sistemi vasitəsilə avtomatik xəbərdarlıq çatdırılır. Həyəcan siqnalları televiziya və radio ilə də yayımlanır.
Şarp bildirib ki, uzun illər ərzində İsrail təhlükə zonasını kifayət qədər dəqiq müəyyənləşdirən sistem yaradıb. Məsələn, əvvəllər raket hücumu zamanı sirenlər bütün ölkədə səslənirdisə, indi yalnız zərbə ehtimalı olan ərazilərdə həyəcan elan olunur. Təl-Əviv dörd xəbərdarlıq zonasına bölünüb və təhlükə yalnız bir hissəyə aiddirsə, şəhərin qalan hissəsində həyatın normal ritmi pozulmur.
İrandan ballistik raket buraxılışı təhlükəsi müəyyən edildikdə əvvəlcə əhaliyə sığınacaqlara yaxın olmaq üçün ilkin xəbərdarlıq göndərilir. Raket buraxıldıqdan sonra onun trayektoriyası hesablanır və mümkün zərbə zonasındakı insanlar ayrıca xəbərdar edilir.
Şarp hesab edir ki, problem müharibənin başlanğıcında Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirə biləcəyinin nəzərə alınmamasından qaynaqlanır.
“Ölkə kütləvi hava hücumlarına texniki, təşkilati və bürokratik baxımdan hazır deyil”, - deyə ekspert bildirib.
Şarpın sözlərinə görə, İsraildə isə əhalinin müdafiəsi milli prioritet hesab olunur. 1990-1991-ci illərdəki Körfəz müharibəsindən sonra yeni yaşayış binalarında “mamad” adlanan xüsusi möhkəmləndirilmiş otaqların yaradılması məcburi standart halına gətirilib. Bundan əlavə, ölkədə daha yüksək müdafiə səviyyəsinə malik ictimai bomba sığınacaqları fəaliyyət göstərir.
Ekspert hesab edir ki, Rusiyada oxşar sistemin yaradılması üçün hakimiyyət ölkənin daha uzun illər müharibə şəraitində yaşaya biləcəyini qəbul etməli və əhalinin müdafiəsinə böyük vəsait yatırmalıdır.
Şarpın fikrincə, Moskva hələlik belə strateji qərar verməyib və əsasən sərhədyanı regionlarda müvəqqəti sığınacaqların yaradılması ilə kifayətlənir.
“Bu, prioritet məsələsidir”, - deyə israilli ekspert vurğulayıb.
Mənbə: musavat.com