"Ermənistan Elektrik Şəbəkələri" (EEŞ) şirkəti milliləşdirmə prosesi başa çatdıqdan sonra konsessiya əsasında idarəetməyə veriləcək.
Ermənistan KİV-in məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"EEŞ məsələsi ilə bağlı konseptual qərarımız belədir: şirkət dövlət mülkiyyətində olacaq və idarə olunması lisenziyalı şirkətə həvalə ediləcək. Bu məsələ aydındır", – deyə o qeyd edib.
Hazırda milliləşdirmə prosesində olan digər obyektlərə toxunan erməni baş nazir dövlətin istehsal müəssisələrini öz mülkiyyətində saxlamasına ehtiyac olmadığını bildirib.
Qeyd edək ki, 18 iyun 2025-ci il tarixində ölkədə elektrik enerjisinin ötürülməsi və paylanmasını təmin edən, tərkibinə "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin də daxil olduğu "Taşir" Şirkətlər Qrupunun təsisçisi və prezidenti Samvel Karapetyan hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etməkdə ittiham olunaraq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, əvvəlcə iki aylıq həbs edilib, daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb. 18 yanvar tarixində isə ev dustaqlığına buraxılıb.
Mənbə: az.trend.az