Moskvadan Paşinyana cavab: "Bir relsi digərindən necə ayırmaq olar?"

Moskvadan Paşinyana cavab: "Bir relsi digərindən necə ayırmaq olar?"

"Rusiya "Cənubi Qafqaz Dəmir Yolu" (CQDY) ilə konsessiya müqaviləsinə xitam verilməsi barədə Ermənistandan rəsmi müraciət almayıb".

Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində jurnalistlərin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Rusiyada Ermənistan dəmir yolu sisteminin ayrı-ayrı sahələrinin mümkün təhvil verilməsi haqqında təklifləri də eşidirlər, lakin Moskva bu cür yanaşmanı mübahisəli hesab edir.

"Biz bir relsi digər relsdən necə qoparmağın mümkün olduğunu anlamırıq, lakin orada belə fikir yürüdənlər var", - deyə o qeyd edib.

Overçuk xatırladıb ki, 2026-cı ilin yanvarında Rusiya Prezidenti Vladimir Putin Ermənistanda iki dəmir yolu sahəsinin - Naxçıvanla sərhəddə və Gümrü rayonunda yenidən qurulmasına dəstək verilməsi barədə qərar qəbul edib.

"Biz də bərpa etməyə hazırıq. Əslində, ermənilərlə bu barədə danışıqlarımız da gedirdi. Lakin maraqlıdır ki, Rusiya Ermənistan dəmir yollarının həm Azərbaycan, həm də Türkiyə ilə əlaqəsini təmin edəcək bu iki çox vacib dəmir yolu sahəsinin bərpasında iştirak etməyə hazır olduğunu elan edən kimi, ertəsi gün Ermənistanın baş naziri Nikol Paşinyan bəyanatla çıxış edərək bildirib ki, Rusiyanın konsessiyada iştirakı güman ki, Ermənistanı dəmir yollarının inkişafı baxımından hansısa rəqabət üstünlüklərindən məhrum edir", - deyə Overçuk bildirib.

O əlavə edib ki, Ermənistanın Rusiya dəmir yolu sistemi ilə qarşılıqlı əlaqə olmadan xarici aləmlə nəqliyyat əlaqəsini necə təmin edə biləcəyini qiymətləndirmək hələlik çətindir.

Mənbə: oxu.az