ABŞ kəşfiyyatı Rusiyanın İranın son hücumlarında iştirak edib-etmədiyini araşdırmağa başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, ABŞ kəşfiyyat analitikləri Fars körfəzi bölgəsində baş vermiş son pilotsuz uçuş aparatı hücumları zamanı Rusiyanın İrana dəstək verib-vermədiyini araşdırırlar. Hələlik bununla bağlı yekun nəticəyə gəlinməyib.
Rəsmilər Moskvanın hədəflərin müəyyənləşdirilməsi üçün kəşfiyyat məlumatları təqdim edib-etmədiyini və ya İranın pilotsuz uçuş aparatları üçün təkmilləşdirilmiş texnologiyalar verib-vermədiyini müəyyənləşdirməyə çalışırlar.
Araşdırma İranın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bir neçə obyektini hədəf aldığı hücumlardan sonra başlanıb. Bildirilir ki, zərbələr nəticəsində ABŞ-nin Ər-Riyaddakı səfirliyində yerləşən CIA rezidenturası və İraqın şərqində yerləşən daha bir CIA obyekti vurulub.
Bəzi ABŞ rəsmiləri hesab edirlər ki, Rusiya İranın Shahed tipli pilotsuz uçuş aparatlarını modernləşdirərək onların dəqiqliyini və naviqasiya imkanlarını artırmış ola bilər.
Mənbə: musavat.com