Tramp bu ölkədə hərbi əməliyyatlara başlaya bilər

Tramp bu ölkədə hərbi əməliyyatlara başlaya bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Malidə “İslam və Müsəlmanlara Dəstək Qrupu”na (JNIM – “Əl-Qaidə” terror təşkilatına bağlı qruplaşma) qarşı hərbi əməliyyat keçirmək imkanlarını dəyərləndirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti fəaliyyətdə olan və keçmiş amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Nəşr yazır ki, hərbi əməliyyatın zəruriliyi ilə bağlı ABŞ rəhbərliyi daxilində fikir ayrılıqları davam edir. Güc tətbiq edilməsinin ən fəal tərəfdarlarından biri kimi Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastyan Qorka çıxış edir.

Bununla belə, Pentaqon mövzu ilə bağlı şərh verməkdən imtina edib, Ağ Ev isə ABŞ Prezidentinin əməliyyata başlamaq əmri verib-verməyəcəyini açıqlamaqdan boyun qaçırıb. Administrasiyadan bildirilib ki, Vaşinqton Afrika ölkələrini “terrorçulara qarşı hərbi səylərini dəstəkləmək üçün ABŞ avadanlıqları və xidmətləri almağa” çağırır.

Xatırladaq ki, bir qədər əvvəl İranla münaqişənin kəskinləşməsi səbəbindən Pentaqonun hərbi əməliyyatlar üçün ayırdığı büdcə vəsaitlərinin yaxın həftələrdə tükənə biləcəyi barədə xəbərlər yayılmışdı.

Mənbə: qafqazinfo.az