Avstraliya məşhur reperin vizasını ləğv etdi

Avstraliya məşhur reperin vizasını ləğv etdi

Avstraliya hökuməti məşhur amerikalı reper Kanye Uestin vizasını ləğv edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb reperin ifa etdiyi “Heil Hitler” mahnısı olub.

Belə ki, Avstraliyanın daxili işlər naziri Tony Burke həmin mahnının nasizmi təbliğ etdiyini əsas gətirərək, Uestin vizasının ləğv olunduğunu bildirib.

Nazir reperin həyat yoldaşı Byanka Senzorinin avstraliyalı olduğu səbəbindən bu ölkəyə gəldiklərini xatıladıb.

Qeyd edək ki, adını “Ye” olaraq dəyişən 48 yaşlı musiqiçi “Heil Hitler” mahnısını mayın 8-də, II Dünya Müharibəsində Almaniyanın məğlubiyyətinin 80-ci ildönümündə yayımlayıb. Uestin mahnısı çoxları tərəfindən qınanılıb, “Spotify”, “Apple Music” və “YouTube” kimi platformalarda qadağan edilib. Eyni zamanda, məşhur idman geyim markası antisemist bəyanatlarına görə Uestlə əməkdaşlığı dayandırıb.

Xatırladaq ki, Kanye Uestlə həyat yoldaşı Byanka Senzori tez-tez qeyri-adi davranış və geyimləri ilə gündəmə gəlirlər. Onlar bu ilin əvvəlində baş tutan “Qremmi” mükafatlandırma gecəsindən də qovulmuşdular. Buna səbəb Byankanın gecəyə çılpaq şəkildə qatılması idi.




Mənbə: qafqazinfo.az