Məşhur rəssamın tablosu 190,4 milyon dollara satıldı - Rekord qıran əsərin mübahisəli tarixçəsi

Məşhur rəssamın tablosu 190,4 milyon dollara satıldı - Rekord qıran əsərin mübahisəli tarixçəsi

Məşhur rəssam Vinsent van Qoqa məxsus rəsm əsəri 190,4 milyon dollara satılaraq hərrac rekorduna imza atıb.

Xarici mediaya istinadən xəbər verilir ki, Nyu-Yorkda çərşənbə günü keçirilən hərrac əsərin nasistlərin hakimiyyətə yüksəlişi dövründə təzyiq altında satıldığı ilə bağlı yaranmış mübahisənin tərəflər arasında son anda razılaşma əldə olunaraq həll edilməsindən sonra baş tutub.

“Chataigniers en fleurs” əsəri Van Qoqun həyatının son iki ayında, 1890-cı ildə çəkilib. “Sotheby's” hərrac evinin məlumatına görə, bu rəsm həmin dövrdən günümüzədək şəxsi kolleksiyalarda qorunub saxlanılan ən mühüm sənət əsərlərindən biri hesab olunur.

Tablonu kimin aldığı hələlik məlum deyil. "BBC" məsələ ilə bağlı açıqlama almaq üçün “Sotheby's” ilə əlaqə saxlayıb.

Hərracdan əvvəl 180 milyon dollar dəyərində qiymətləndirilən yağlı boya əsəri “Blaquier-Arrieta Kolleksiyası”nın bir hissəsi kimi satışa çıxarılıb.

Nasist dövrü ilə bağlı mübahisə son anda həll edildi

“Sotheby's” hərracdan bir neçə saat əvvəl yaydığı açıqlamada satışla bağlı “Blaquier-Arrieta” ailəsi ilə əsərin əvvəlki alman sahibləri olan Fişer ailəsinin varisləri arasında yaranmış mübahisənin həll edildiyini bildirib.

Fişer ailəsinin varislərini təmsil edən şəxslər tablonun nasistlərin hakimiyyətə yüksəlişi dövründə təzyiq altında satılmış ola biləcəyini iddia ediblər.

Bildirilib ki, Fişer ailəsinin varislərinin vəkili hərrac evinə göndərdiyi məktubda tablonun İkinci Dünya müharibəsindən əvvəl Amsterdamda satıldığını qeyd edib. Buna səbəb kimi ailənin nəşriyyat şirkətinin nasist rejimi dövründə üzləşdiyi maliyyə itkiləri göstərilib. BBC məsələ ilə bağlı vəkillə də əlaqə saxlayıb.

“Sotheby's” çərşənbə günü yaydığı açıqlamada bildirib:

“Tablonun nasist dövründəki mürəkkəb tarixçəsi və Fişer ailəsinin Holokost zamanı yaşadığı əzablar nəzərə alınaraq, hər iki ailə qarşılıqlı razılıq doğuran həll yoluna gəlib və əsər əldə olunan razılaşmaya uyğun olaraq satılacaq”.

Əsərin tarixçəsi və sahibinin dəyişməsi

“Sotheby's”in internet saytında yağlı boya ilə çəkilmiş tablonun mənşəyi və 1890-cı ildən bu günədək müxtəlif sahiblərin mülkiyyətinə keçməsi ilə bağlı aparılan araşdırmalar ətraflı şəkildə təqdim olunub.

Saytdakı məlumatlara görə, əsəri 1909-cu ildə məşhur alman naşiri Samuel Fişer satın alıb. Fişerin 1934-cü ildə vəfat etməsindən sonra tablo ailəsinə keçib.

“Sotheby's”in məlumatında qeyd olunur ki, rəsm 1932 və ya 1933-cü ildə Amsterdamda Paul Kassirerə etibar edilib. Daha sonra, 1936-cı ildə Parisdə Anrietta və Marsel Kapfererin mülkiyyətinə keçib.

Bundan sonra əsər daha dörd fərqli şəxsin mülkiyyətində olub.

Hərrac evi bildirib ki, Blaqyer ailəsi tablonu 1975-ci ildə satın alıb və son satışa qədər yarım əsrdən çox müddət ərzində öz kolleksiyasında saxlayıb.

Həmidə İbrahimova

Mənbə: olke.az