Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "iTicket.az" platformasının adından istifadə edilməklə yaradılan saxta sosial şəbəkə səhifələri və veb-resurslar vasitəsilə həyata keçirilə biləcək dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Bu barədə agentlikdən məlumat verilib.
Bildirilib ki, belə səhifələr vasitəsilə istifadəçilərə saxta bilet satışları və müxtəlif kampaniyalar təklif oluna, onların bank kartı və digər həssas məlumatlarını ələ keçirməyə cəhd göstərilə bilər.
MKA vətəndaşlara biletləri yalnız "iTicket.az" platformasının rəsmi veb-saytından və təsdiqlənmiş satış kanallarından əldə etməyi, sosial şəbəkələrdə yayılan şübhəli bilet satış elanlarına və həddindən artıq sərfəli təkliflərə ehtiyatla yanaşmağı tövsiyə edir.
Agentlik, həmçinin ödəniş etməzdən əvvəl veb-saytın və sosial şəbəkə səhifəsinin həqiqiliyini yoxlamağı, şəxsi və maliyyə məlumatlarını şübhəli resurslarda paylaşmamağı tövsiyə edib. Belə hallarla qarşılaşan vətəndaşlara isə müvafiq platformaya məlumat vermək məsləhət görülüb.

Mənbə: oxu.az