Moskvada mobil rabitə məhdudlaşdırılacaq

Moskvada mobil rabitə məhdudlaşdırılacaq

Bakı.Trend:

Oktyabrın 27-dən 29-dək üç gün ərzində Rusiya hakimiyyəti Moskvada Üçüncü Nəqliyyat Halqası hüdudlarında mobil internetə çıxışı məhdudlaşdıracaq.

Bu barədə "Vedomosti" Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyinə istinadən məlumat yayıb.

Həmin günlərdə Rusiya paytaxtında Qaz İxrac Edən Ölkələr Forumunun sammiti və “Rusiya – Afrika” sammiti keçiriləcək. Birinci sammit oktyabrın 27-də, ikinci sammit isə oktyabrın 28-29-da baş tutacaq.

Məlumata görə, tədbirlərin ilk iki günü mobil rabitədə fasilələr Moskva vaxtı ilə saat 11:30-dan, oktyabrın 29-da isə saat 09:30-dan başlayaraq gün ərzində müşahidə oluna bilər. Nazirlik bildirib ki, məhdudiyyətlər tətbiq ediləcəyi təqdirdə “ağ siyahı”ya daxil olan saytlara giriş, səsli rabitə və Wi-Fi əlçatan olacaq.

“The Moscow Times” nəşri xatırladır ki, mart ayında Moskvanın mərkəzində mobil internet iki həftədən çox müddətdə işləməyib. Həmin vaxt Kremlin mətbuat katibi Dmitri Peskov bunu “təhlükəsizliyin təmin edilməsi zərurəti” ilə izah edib. “Kommersant” qəzetinin məlumatına görə, Rusiya paytaxtında internetin kəsilməsi nəticəsində dəyən zərər gündə təxminən 1 milyard rubl (12 milyon dollardan çox) təşkil edib.

Mənbə: az.trend.az