Kritik proqram təminatı yeniləməsinin buraxılmasından sonra sistemləri qorumaq məqsədilə dünyanın müxtəlif yerlərində veb-saytlar fəaliyyətini dayandırıb.
Çərşənbə günü Fransa, Danimarka, Finlandiya və Niderlandda hökumət saytları mümkün haker hücumları ilə bağlı narahatlıqlar səbəbindən bağlanıb, ABŞ və Avstraliyadakı mütəxəssislər isə mövcud risklərlə bağlı xəbərdarlıq edirlər.
“Sky News”un məlumatına görə, bir proqramlaşdırma dilindəki boşluqlar səbəbindən kritik proqram təminatı yeniləməsinin buraxılmasının ardınca, təşkilatları qorumaq məqsədilə dünyanın azı 13 ölkəsində hökumət və biznes qurumlarına məxsus veb-saytlar fəaliyyətini dayandırıb.
İnternetdə geniş istifadə olunan PHP proqramlaşdırma dilinin tərtibatçıları, əvvəllər aşkar edilmiş iki kritik boşluğu aradan qaldıran yeni yeniləmələrin buraxıldığını açıqlayıblar. İstifadəçilərə proqram təminatlarını dərhal yeniləmələri ciddi şəkildə tövsiyə olunub. Bu çağırış dünyanın hər yerindəki texniki komandaların sözügedən kritik qüsuru aradan qaldırmaq üçün təcili hərəkətə keçməsinə səbəb olub.
Problemlərin aşkar edilməsində süni intellekt agentləri kömək edib. “ChatGPT”nin yaradıcısı olan “OpenAI” şirkəti bildirib ki, son iki ay ərzində PHP-dəki bir nasazlığın aradan qaldırılması üzərində işləyən tədqiqatçılar qrupuna rəhbərlik edib və düzəliş prosesi boyunca proqram tərtibatçılarına dəstək göstərib.
Şirkət bu hadisəni “son dövrlərin ən ciddi təhlükəsizlik problemlərindən biri” kimi xarakterizə edərək əlavə etdi ki, süni intellekt problemlərin aşkar edilməsinə kömək edə bildiyi kimi, zərərli niyyətli tərəflərə də yardımçı ola bilər.
Mənbə: qafqazinfo.az