Məşhur mesajlaşma tətbiqi “WhatsApp”a iki yeni funksiya gəlir.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “WhatsApp” istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqdan keçirir.
“WABetaInfo” və “Android Authority”nin məlumatına görə, hazırda “Android”in beta versiyalarında test edilən yeniliklər istifadəçilərin ünsiyyət imkanlarını genişləndirməyi hədəfləyir.
.png)
Yeni funksiya vasitəsilə hərəkətsiz şəkillərdən hazırlanan stikerlərə 10 saniyəyədək səs yazısı və ya hazır audio fayl əlavə etmək mümkün olacaq. Mesajı alan şəxslər isə səsi stikerin üzərinə toxunaraq dinləyə biləcəklər. Videolardan hazırlanan animasiyalı stikerlər ilkin mərhələdə videonun 5 saniyəlik orijinal səsini saxlayacaq və daha sadə dizaynda təqdim olunacaq.
.png)
Digər yenilik isə mesaj yazma sahəsinin dizaynı ilə bağlıdır. Yeni tərtibatda mətn yazmaq bölməsi yuxarı, əlavə idarəetmə ikonları isə aşağı hissədə yerləşdiriləcək.
Hər iki funksiya hələ sınaq mərhələsindədir. Yeniliklərin bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı isə açıqlanmayıb.
Mənbə: qafqazinfo.az