Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Türkiyənin yerli smartfonunun istehsalına hazırlıq işləri sürətlə davam edir. “ASELSAN” şirkəti ilə “Türk Telekom” mobil rabitə operatorunun əməkdaşlığı ilə ərsəyə gələcək yeni mobil telefonun 2027-ci ilin ilk yarısında satışa çıxarılması planlaşdırılır.

Layihə çərçivəsində “ASELSAN” şirkəti avadanlıq və istehsala, “Türk Telekom” isə proqram təminatı, marketinq, paylama və brendləşdirməyə cavabdeh olacaq.

Bununla bağlı açıqlama verən “Türk Telekom”un baş direktoru Ebrubekir Şahin bildirib ki, cihaz premium, üst və orta seqmentlər üçün nəzərdə tutulub və batareya ilə kamera göstəricilərinə görə rəqabətqabiliyyətli olacaq.


Mobil telefon ilk mərhələdə “Android” əməliyyat sistemi ilə təqdim ediləcək, daha sonra isə yerli əməliyyat sistemi və çiplə təkmilləşdiriləcək.

Smartfon üçün hazırlanacaq beş ad təklifi Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq.

Qeyd edək ki, ASELSAN 1997-ci ildə “ASELSAN 1919” modeli ilə mobil telefon istehsal edib. İlk 500 cihaz Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə ixrac olunub.

Mənbə: bizim.media