ABŞ-nin Kaliforniya ştatında yerləşən "Reflect Orbital" startapı gün batandan sonra günəş işığını satmağı planlaşdırır.
"The Economist" nəşrinin məlumatına görə, artıq 28 milyon dollardan çox sərmayə cəlb edən şirkət 625 kilometr hündürlükdə 160 kvadratmetr sahəsi olan güzgülü peyk hazırlayır.
Bu qurğu Yerdə diametri 5,5 kilometr olan ərazini işıqlandırmaq gücünə sahib olacaq. Startap nümayəndələri bildirirlər ki, bu cür 76 peyk planetin istənilən nöqtəsini bütöv ayın işığına bərabər səviyyədə işıqla təmin edə bilər.
Şirkət gələcəkdə günəş elektrik stansiyaları, xilasetmə əməliyyatları, mədənlər, kurortlar və şəhər işıqlandırması üçün on minlərlə daha böyük güzgü buraxmağı hədəfləyir.
Bununla yanaşı, astronomlar işıq çirklənməsi riski ilə bağlı xəbərdarlıq edirlər. Mütəxəssislər bildirirlər ki, böyük güzgünün təsir zonasında ulduzlar görünməyə bilər, 400 peykin işığı isə 80 kilometrədək məsafədən seçilə bilər. "Reflect Orbital" rəhbərliyi isə teleskopların yaxınlığında güzgüləri söndürəcəyinə söz verir. (Musavat.com)
Mənbə: bizim.media