“Qardaşım bu günümü görsəydi, mənimlə fəxr edərdi” - Video

“Qardaşım bu günümü görsəydi, mənimlə fəxr edərdi” -

Mustafa Vəlizadə “Neftçi”nin əsas komandasına yüksəlmək arzusu ilə futbola başlayıb. O, şəhid ailələri üçün paytaxt klubunun təşkil etdiyi düşərgədə istedadını nümayiş etdirərək klubun akademiyasına seçilib.

O, hazırda U-14 komandasında çıxış edir. “Neftçi”nin aşağı yaş qrupundan ibarət komandalarında kifayət qədər oyun keçirib və qollar vurub. Vətən müharibəsi şəhidi, tağım komandiri baş leytenant İsmayıl Vəliyevin kiçik qardaşı olan Mustafa vurduğu qolları da şəhidimizə həsr etdiyi bildirir. Azyaşlı futbolçu deyir ki, qardaşı hər zaman göydən ona baxır.

M.Vəlizadə “Qafqazinfo”ya müsahibəsində uşaqlıq arzularından danışıb və gələcək hədəflərindən söz açıb:

“Uşaq vaxtı çox vaxt məhəllədə futbol oynayırdım. Bunu babam gördü və məni futbol məktəbinə yazdırmaq istədi. Amma həmin vaxt koronavirusa görə karantin düşdü və alınmadı. Karantin rejimi bitdikdən sonra isə futbol məktəbinə getməyə başladım. Sonra isə “Neftçi”yə gəldim. Özümü burada çox rahat hiss edirəm. “Neftçi” böyük komandadır”.

Bakı klubunun üzvü azarkeşlik etdiyi klub və futbolçuların da adını açıqlayıb:

“Uşaqlıqldan “Real”a azarkeşlik edirəm. Futbolçu kimi isə əvvəlcə Messini izləyirdim və bəyənirdim. Sonra Ronaldonu izləməyə başladım. İndi onu çox bəyənirəm”.

Mustafa qardaşı şəhid İsmayıl Vəliyevdən isə kövrələrək söz açıb:

“Qardaşım baş leytenant idi. 8 noyabr 2020-ci ildə Vətən müharibəsi döyüşləri zamanı şəhid oldu. Bu günümü görsəydi, mənimlə fəxr edərdi”.

O, ən yaxşı qolunu isə “Qarabağ”a vurduğunu deyib:

“Ölkə çempionatlarında çox oynamışam. Ən yaxşı qolumu isə “Qarabağ”a vurmuşam”.

Əməkdar məşqçi, “Neftçi”nin aşağı yaş qruplarına nəzarət edən İslam Kərimov isə futbolçusu barədə ağızdolusu danışıb:

“Biz hər zaman şəhid və qazi ailələrinə diqqət ayırmışıq. Bir gün onlar üçün burda tədbir keçirdik. Orada məşq keçirdim və Mustafanın istedadını gördüm. Düşündüm ki, onu akademiyamıza cəlb etməliyik. Sağ olsun ki, klub rəhbərliyi və məşqçilər təşəbbüsümü bəyəndilər. Sonra onu bura dəvət etdik. Mustafa ötən il U-13 komandamızla birlikdə Azərbaycan çempionu oldu. Görünür ki, seçimimdə yanılmamışam”.



Mənbə: qafqazinfo.az