Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet "Oleq Bakinski" ləqəbi ilə tanınan Krapivin Oleq Andreyeviç və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə Kuçer Konstantinin vəkili Elşad Əliyev vəsatət qaldırıb.
O bildirib ki, müvəkkilin İspaniya Krallığına ekstradisiya olunması ilə bağlı məsələyə nəticəyə gəlinməsi üçün hazırkı cinayət işinin icraatın dayandırılmasını istəyib:
"Müvəkkilim hüquqi tələnin içindədir. Bu cinayət işinin icraatı dayandırılsın, ekstradisiya məsələsi aydınlaşdırılsın. Ondan sonra bu məsələ üzrə araşdırma aparılsın. Müvəkkilim bilmir ki, onun barəsində hansısa yüngülləşdirici hallar olacaq, yoxsa İspaniyaya ekstradisiya olunacaq".
Dövlət ittihamçısı Tural Yaqubov bildirib ki, hazırkı cinayət işini ekstradisiya olunması ilə bağlı işlə heç bir əlaqəsi yoxdur. O, vəsatətin təmin olunmamasını istəyib.
Qeyd edək ki, İspaniya Krallığı Kuçer Konstantin barəsində olan cinayət işi ilə bağlı axtarış elan edib və onun Azərbaycanda ekstradisiya olunması barədə vəsatət verib. Həmin vəsatət əsasında işə də Bakı Ağır Cinayətlər Məhkəməsində ayrıca icraatda baxılır.
Yerində müşavirə keçirən hakimlər heyəti vəsatəti təmin etməyib.
Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb.
Məhkəmə iclasında məlum olub ki, Kuçer Konstantlə zərərçəkmiş şəxslər arasında heç bir barışıq əldə olunmayıb. Bununla bağlı hakimin suallarına cavab olaraq zərərçəkmiş şəxsin vəkili Samir İsayev bildirib. Təqsirləndirilən şəxsin də vəkili tərəflər arasında qarışığın olmadığını deyib.
Daha sonra Oleq Bakinskinin vəkili vəsatət verib. O bildirib ki, müvəkkilin sağlamlığında ciddi problemlər var:
"Həbs olunmamışdan əvvəl Almaniyada müalicə olunub. Hazırda saxlanma yerində müalicəsinin aparılması üçün şərait yoxdur. Buna görə də onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirik. Həm yaşını, həm də xəstəliyinin nəzərə alınmasını xahiş edirik".
Dövlət ittihamçısı bildirib ki, qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı hər proses vəsatət verilir. O, vəsatətin təmin olunmamasını istəyib.
Müşavirə keçirən hakimlər qərar elan edib. Qərara görə vəsatət təmin olunmayıb.
Növbəti proses mayın 2-də davam edəcək.
İttihama görə, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı V.Zaxarenko vəsaitini götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.
O.Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər.
Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar. Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb.
Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti və “Promyshlennye Postavki Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
O.Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.
O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır. O, Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.
Sonuncu eyni zamanda məcəllənin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılır.
Mənbə: axar.az