İspaniyada daha bir qatar qəzası baş verib

İspaniyada daha bir qatar qəzası baş verib

Fransanın “Ouigo” dəmiryol şirkətinə məxsus qatar kontakt şəbəkəsində yaranan nasazlıq səbəbindən İspaniyanın Toledo şəhəri yaxınlığındakı tuneldə dayanıb.

Bu barədə İspaniyanın “La Razón” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, hadisə kontakt şəbəkəsinin ilişməsi və sıradan çıxması nəticəsində güclü zərbə və şaqqıltı səsinin eşidilməsindən sonra baş verib. Nəticədə qatar elektrik enerjisiz qalıb.

Məlumata əsasən, qatar Madriddən keçməklə Mursiyadan Valyadolidə hərəkət edirmiş. Kontakt şəbəkəsindəki nasazlıq elektrik enerjisinin verilməsini dayandırdığından qatar qəfil dayanıb. Batareyaların enerjisini qorumaq üçün əməkdaşlar kondisioneri və əsas işıqlandırmanı söndürüblər.

“La Razón”un məlumatına görə, qatar heyəti tərkibin tuneldə təhlükəsiz şəkildə sabitləşdirildiyini və qonşu yola köməkçi qatarın gəlməsinin gözlənildiyini bildirib. Sərnişinlərin relslər üzərindən piyada keçərək həmin qatara köçürülməsi planlaşdırılır.

Seqoviya və Valyadolidə səfərlərini davam etdirməli olan sərnişinlər üçün avtobuslar ayrılıb. Madriddən Valyadolidə qatar səfəri isə ləğv edilib.

Şirkət sərnişinlərə biletlərini ödənişsiz dəyişmək və ya tam məbləğdə geri qaytarmaq imkanı təklif edib. Bundan əlavə, bilet qiymətinin 200 faizi həcmində kompensasiya ödəniləcəyi bildirilib.

Mövsüm

Mənbə: www.aznews.az