Bütün dünyada saat dəyişir: “Artıq saniyə” tarixə qovuşur

Bütün dünyada saat dəyişir: “Artıq saniyə” tarixə qovuşur

Dünyanın fırlanma sürəti ilə rəqəmsal saatları sinxronlaşdırmaq üçün 1972-ci ildən bəri tətbiq olunan “artıq saniyə” praktikasının ləğv edilməsi istiqamətində yekun mərhələyə qədəm qoyulub.

“Bakupost” xəbər verir ki, Yer ilə Ay arasındakı qabarma-çəkilmə təsirləri səbəbindən planetimizin öz oxu ətrafında fırlanma sürəti getdikcə yavaşıyır və hər günə təqribən 1.4 millisaniyə əlavə olunur. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün illərdir vaxtaşırı olaraq universal vaxta bir saniyə əlavə edilirdi. Lakin bu əlavə rəqəmsal sistemlərdə, serverlərdə və internet şəbəkələrində ciddi xətalara səbəb olurdu.
Məsələn, 2012-ci ildə tətbiq edilən "artıq saniyə" ucbatından “Reddit” və “LinkedIn” kimi qlobal platformalarda böyük çökmələr və problemlər yaşanmışdı.
Ölçü standartlarını müəyyən edən Beynəlxalq Ağırlıqlar və Ölçülər Bürosunun (BIPM) 69 üzv ölkəsi artıq saniyənin tamamilə ləğv edilməsi üçün səsverməyə hazırlaşır.
Qərar qəbul olunarsa, rəsmi vaxt ölçümü artıq tamamilə Yerin fırlanma sürətindən asılı olmayacaq və atom saatlarına əsaslanacaq. Saatlara bir daha saniyə əlavə edilməyəcək.
Atom zamanı ilə astronomik zaman arasında 1 saatlıq fərqin yaranması üçün minlərlə il keçməli olduğundan, bu dəyişiklik gündəlik həyatımıza heç bir mənfi təsir göstərməyəcək.
Bilal,
BakuPost

Mənbə: www.bakupost.az