Türkiyədə dəbdəbəli toyu və məclisdə hədiyyə olunan külli miqdarda qızılları, eləcə də lüks həyatı ilə gündəm olan "Vanlı Kara Haydar" ləqəbli Mehmet Fatih Tançalanın həbsindən sonra onun keçmişinə dair maraqlı iddia ortaya çıxıb. Belə ki, həyat yoldaşı Çağla Öz hələ 16 yaşında ikən Tançalanın onun məktəbinin qarşısına getdiyi və qızın ailəsinin buna görə polisə şikayət etdiyi bildirilir.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
İddialara görə, Tançalan o dövrdə ilk həyat yoldaşı ilə evli olduğu halda Çağla Özü izləməyə başlayıb. O zaman 31 yaşında olan Mehmet Fatih Tançalan hər gün 16 yaşındakı Çağla Özün məktəbinin qarşısına gedərək onu narahat edib. Gənc qadın onu istəməyib və ailəsi də bu səbəbdən "Vanlı Kara Haydar"ı polisə şikayət edib.
Daha sonra Çağla Öz başqa bir insanla ailə qurub, lakin bir müddət sonra boşanıb. Bunu öyrənən Tançalan yenidən gənc qadını təqib etməyə başlayıb.
Həmçinin cütlüyün 5 il əvvəl evləndiyi, lakin toy mərasimini indi keçirdikləri də iddia edilir.
Xatırladaq ki, Türkiyədə sosial şəbəkələrdə "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalan barəsində sosial media paylaşımlarına görə Van Baş Prokurorluğu tərəfindən Türkiyə Cinayət Məcəlləsinin (TCK) 301-ci maddəsi ilə istintaq başlanıb. Tançalana məxsus olduğu iddia edilən sosial media paylaşımlarında türk millətinin, Türkiyə dövlətinin, dövlət qurumları və orqanlarının təhqir edildiyi iddia olunur. Həmçinin onun toyunda hədiyyə olaraq taxılan külli miqdarda qızılların mənbəyi ilə bağlı da araşdırmaya başlanılıb.
Daha sonra "Vanlı Kara Haydar" cinayət yolu ilə əldə edilən aktivlərin yuyulması ittihamı ilə həbs edilib.
Mənbə: oxu.az