İstanbul polisi silah qaçaqmalçılığının qarşısını aldı: 120 ədəd tapança ələ keçirildi

İstanbul polisi silah qaçaqmalçılığının qarşısını aldı: 120 ədəd tapança ələ keçirildi
İstanbul Təhlükəsizlik İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları şəhərə böyük həcmdə silah gətiriləcəyi barədə məlumat əsasında hərəkətə keçiblər.
Bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, gecə saatlarında silahların daşınmasında iştirak etdiyi ehtimal olunan nəqliyyat vasitəsi Kurtköy yol keçid məntəqəsində polis tərəfindən saxlanılıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu maşın əsas silah yüklü nəqliyyat vasitəsini müşayiət edərək ona yol göstərib.

Axtarış tədbirlərini davam etdirən hüquq-mühafizə orqanları silahları daşıyan əsas avtomobili Pendik rayonu ərazisindəki yanacaqdoldurma məntəqələrindən birində aşkar ediblər. Həyata keçirilən xüsusi əməliyyat zamanı maşının sürücüsü saxlanılıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən oradan 120 ədəd tapança və 120 ədəd daraq tapılaraq götürülüb.

Saxlanılan üç şübhəli şəxs barəsində polis idarəsində müvafiq istintaq hərəkətlərinin davam etdirildiyi bildirilir.

Mənbə: oxu.az