Berlində fövqəladə vəziyyət: Beş min evin sakinləri təxliyə edilirlər

Berlində fövqəladə vəziyyət: Beş min evin sakinləri təxliyə edilirlər
Berlin şəhərində İkinci Dünya müharibəsi dövrünə aid bombanın aşkarlanması səbəbindən təxminən 5,6 min ev və mənzilin sakinləri təxliyə edilirlər.
Bu barədə Almaniya paytaxtının hüquq-mühafizə orqanları məlumat yayıblar.

Təhlükəli əşyanın aşkarlandığı ərazinin 500 metr radiusunda təhlükəsizlik zonası yaradılıb. Bu zonaya qocalar evi, uşaq bağçası və evsizlər üçün sığınacaq da daxildir.

İnsanların təxliyəsinə artıq başlanılıb. Əməliyyata 200 polis əməkdaşı, həmçinin yanğınsöndürənlər, xilasedicilər və tibb işçiləri cəlb olunublar. Yaxınlarının yanında qala bilməyən insanlar üçün müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb.

Təxminən 100 kiloqram ağırlığında olan bomba Noykölln rayonunda gəmiçilik kanalının dibində aşkarlanıb. Yaxınlıqda avtomobil nəqliyyatının intensiv hərəkət etdiyi Zonnenallee küçəsi yerləşir.

Bomba kanalın dibindən çıxarılaraq üzən pontonun üzərinə yerləşdirilib.

Mənbə: oxu.az