ABŞ-da onlarla polis əməkdaşının ağıllı müşahidə sistemlərindən qanunsuz istifadə etdiyi üzə çıxıb.
Bu barədə "The Washington Post" araşdırma yayıb.
Məlumata görə, ən azı 50 polis əməkdaşı müşahidə sistemlərindən şəxsi məqsədlər üçün istifadə etməkdə ittiham olunur. Bu halların 46-sında "Flock Safety" şirkətinin avtomatik nömrə tanıma (ALPR) sistemi tətbiq edilib.
Sistem kameraya düşən avtomobillərin dövlət nömrəsini, yerləşdiyi yeri, vaxtı və hərəkət istiqamətini qeydə alaraq məlumat bazası ilə müqayisə edir. ABŞ-da hazırda 120 mindən çox belə kamera fəaliyyət göstərir.
Araşdırmaya əsasən, bəzi polis əməkdaşları bu imkanlardan keçmiş və ya hazırkı partnyorlarını izləmək üçün yararlanıblar. Onlardan biri bir ildən çox müddətdə keçmiş sevgilisini izləmək məqsədilə sistemə 600 sorğu göndərib. O, sonradan həbs olunsa da, məhkəmədən əvvəl intihar edib.
Digər bir polis əməkdaşının isə keçmiş sevgilisini izlədiyi və onun şəxsi həyatına müdaxilə etdiyi bildirilir.
Araşdırmanın nəticələri "Flock Safety" şirkətinə təqdim edildikdən sonra şirkət yaxın vaxtlarda sui-istifadənin qarşısını almaq üçün yeni filtrlər və nəzarət alətləri tətbiq edəcəyini açıqlayıb.
Nəşr yazır ki, bəzi hallarda polis əməkdaşları işdən çıxarılıb, cinayət məsuliyyətinə cəlb edilib və həbs olunublar.
Adəm
Mənbə: publika.az