İki gün öncə həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı üçün uşaqları ilə birlikdə sığınacağa yerləşdirilən qadının əri saxlanılıb.
Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, qadın 14 il ərzində davamlı olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb. Uşaqların səs salması, ən xırda məişət məsələləri və digər kiçik səbəblər belə həyat yoldaşının ona qarşı zorakılıq etməsi ilə nəticələnib.
Qadın uzun illər davam edən bu şiddətlərdən sonra övladlarını da götürərək sığınacağa müraciət edib.
Məlumatda qeyd edilib ki, qadının sözlərinə görə, yaxınları ona dəstək olmağa çalışsalar da, həyat yoldaşı dəfələrlə ailəsinin yaşadığı ünvana gələrək onlara da hücum edib.
Hazırda qadının məhkəmə-tibbi ekspertizadan keçiriləcəyi bildirilir. Daha sonra ona hüquqi, psixoloji və sosial dəstəyin göstərilməsi, həmçinin təhlükəsiz şəraitdə həyatını yenidən qurması üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Mənbə: qafqazinfo.az