Üç uşaq anasının ərini qətlə yetirməsinin detalları: “Özümü öldürmək istəyirdim” - TƏFƏRRÜAT

Üç uşaq anasının ərini qətlə yetirməsinin detalları: “Özümü öldürmək istəyirdim” - TƏFƏRRÜAT

Cəlilabad rayonunda 32 yaşlı qadın ərini öldürməkdə ittiham edilib.

Qətl hadisəsi ötən ilin noyabrın 29-da rayonun kəndlərindən birində baş verib.

1994-cü il təvəllüdlü Könül həmin gün saat 12 radələrində yaşadığı fərdi yaşayış evində gündəlik məişət işləri ilə məşğul olub. Bu zaman evin mətbəx otağının yanında yerləşən otaqda olan uşaqlarının səs-küy saldıqlarını eşidib. Otağa gələn qadın uşaqları ilə birlikdə yerdən açılmış süfrədə səhər yeməyi yeyən əri İsmayıla (adlar şərti verilib – red.) orada olduğu halda uşaqlarının nadinclik etmələrinə laqeyd yanaşmasına, uşaqlarının tərbiyəsi ilə məşğul olmamasına irad bildirib.

Nəticədə İsmayıl ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Qadın münaqişə zamanı ev işlərinin onun üzərində olması, həm özünün, həm baldızının uşaqlarına baxdığını deyib.

Həmçinin uşaqlardan ikisinin fiziki qüsurlu olmasının işlərini ağırlaşdırdığını söyləyib. Könül daim onları həkimə aparması, dərman alması, ərinin ailəyə maddi dəstək olmayaraq mütəmadi spirtli içki içməsinə etiraz edib.

Həmçinin İsmayılın sərxoş halda evə gələrək onunla mübahisə etməsi, onu söyməsi və döyməsi ailə münaqişəsini daha da alovlandırıb.

Bundan əlavə, hadisə baş verən gün qadının İsmayılı yuxudan oyatdığına görə mübahisə etməsi, uşaqlarının dərman puluna ehtiyac olmasına baxmayaraq “bu ay heç nə görməyəcəksən”, “get nə bilirsən elə” deməsi ona pis təsir edib.

Bundan kəskin sinir-psixi gərginlik halını keçirən qadın özünə xəsarət yetirmək istəyib və bezdiyini bildirib. O, əsəbləşərək döşəmə üzərinə sərilmiş süfrə üzərində olan mətbəx bıçağını götürüb və özünü öldürəcəyini deyib.

Daha sonra qadın yerdən qalxmaq istəyən İsmayılın onu döyəcəyini fikirləşib. Buna imkan verməməyə, habelə son vaxtlar əri ilə arasında olan münaqişə səbəbindən İsmayıla qarşı əsəbi olduğu üçün ondan qisas almaq niyyəti ilə əlində tutduğu bıçaq ilə onun sinə nahiyəsindən bir dəfə zərbə vurub. Həmin xəsarətdən yaranmış qanitirmə nəticəsində 36 yaşlı kişi ölüb.

İstintaq orqanı tərəfindən Könülün barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Könül ona verilən ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2014-cü ildə İsmayıl ilə ailə həyatı qurub: “Ailə qurduqdan sonra Cəlilabad rayonunun kəndində yaşamışıq. İsmayıl ilə birgə nigahımızdan 3 azyaşlı uşağımız olub. Hadisə baş verməzdən 3 ay əvvəl ərimlə aramızda tez-tez mübahisələr baş verib. İsmayıl tez-tez spirti içkilər qəbul edib və ailəmə heç bir maddi dəstək göstərməyib. Uşaqlarımın ikisi xəstədir”.

Könül qeyd edib ki, hadisə baş verən günü səhər tezdən İsmayılın atası Alim onu çağırıb, İsmayılı yuxudan oyatmasını, həyətə usta gələcəyini və ona görə də həyətdə olan daşların yığışdırılmalı olduğunu deyib: “Mən də İsmayılı səsləyərək yuxudan oyatdım. Həmin vaxt İsmayıl yuxudan ayılaraq narazılığını bildirdi. O, “məni niyə oyadırsan, mən yatıram” dedi. İsmayıl ilə aramızda mübahisə böyüməsin deyə evdən çıxaraq marketə getdim. Marketdən səhər yeməyi üçün evə bir-iki şey alaraq qayıtdım. Bu zaman İsmayılın atası təkrar onu yuxudan oyatmağımı istədi. Mən də İsmayılı təkrar yuxudan oyatdım. İsmayıl mənimlə mübahisə etdikdən sonra gedərək həyətdə olan daşları yığdı və evə qayıtdı”.

Könülün sözlərinə görə, səhər yeməyi üçün süfrə açıb, İsmayıl uşaqları ilə bir yerdə səhər yeməyi yeyib: “Bu zaman mən digər işləri görmək üçün otaqdan çıxdım. Daha sonra uşaqların dalaşdığını eşidərək onların olduğu otağa qayıtdım. Bu vaxt uşaqların süfrə ətrafında bir-biri ilə mübahisə etdiklərini gördüm. Uşaqları sakitləşdirdim və ərimə uşaqlarla niyə maraqlanmadığı, hər şeyi mənim üzərimə atması, onun da ata kimi uşaqları ilə maraqlanmalı, onlara tərbiyə verməli olduğu barədə iradımı bildirdim. Bundan sonra İsmayılla aramızda təkrar mübahisə başladı. Həmin vaxt uşaqlar dalaşdığımızı gördülər və otaqdan çıxdılar”.

Təqsirləndirilən şəxs deyib ki, xəstə olan uşaqlarının dərmanlarını aptekdən nisyə alıb: “Mübahisə zamanı İsmayıl mənə qışqıraraq dedi ki, bu ay sənə heç nə verməyəcəm, gedib nə edərsən-edərsən. Mən isə aptekə söz verdiyimi, vaxtında pulu qaytarmalı olduğumu dedim. İsmayıl isə dedi ki, heç nə görməyəcəksən, xoşun gəlmirsə, nə bilirsənsə et. Mən də aramızda baş verən mübahisələrdən çox bezmişdim. Həmin vaxt bıçağa əl atdım və özümə xəsarət yetirmək istədim. Bu vaxt İsmayıl üzərimə gəldi. İstəmədən, onu özümdən uzaqlaşdırmaq üçün əlimi ona tərəf uzatdım. Bıçağın İsmayılın sinəsinə batdığını bilmədim. O, özü bıçağın sinəsinə dəydiyini dedi. Bundan sonra dərhal ona yardım göstərdim. Əski parçası taparaq İsmayılın yarasına qoydum ki, qan itirməsin”.

Könül deyib ki, daha sonra İsmayılın atasını çağıraraq hadisə barədə ona deyib və onu taksi ilə xəstəxanaya aparmaq lazım olduğunu bildirib: “Kəndimizdə cərrah olduğu üçün İsmayılı onun evinə apardıq. Cərrah evdə olmadığından xəstəxanaya getdik. Həmin gün bazar günü olduğu üçün cərrah xəsatəxanada olmadı. Həkim gələn müddətədək vaxt itirməmək üçün İsmayılı rentgen müayinəsi etdirdik. Həkim gəldikdən sonra İsmayıldan hadisə barədə soruşdu. O, həmin vaxt həkimə yıxıldığını dedi. Daha sonra İsmayılı xəstəxananın reanimasiya şöbəsinə qaldırdılar. Sonra polis əməkdaşları evə getdilər. Polislər İsmayılın evdə harada yıxıldığını soruşdular. Sonra təkrar ifadə vermək üçün bizi polis şöbəsinə gətirdilər. Polis şöbəsində mənə İsmayılın vəziyyətinin ağırlaşdığını, həkimin yaranın bıçaq yarası olduğunu dediyini bildirdilər. Həmin vaxt ifadəmi dəyişdim və İsmayılla aramızda yaranmış mübahisə zamanı ona bıçaqla xəsarət yetirdiyimi dedim”.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, İsmayılı evdə istifadə etdikləri mətbəx bıçağı ilə vurub: “Məqsədim İsmayılı bıçaqla vurmaq olmayıb. Mübahisə etdiyimiz zaman İsmayıl yerindən qalxaraq üzərimə gəldi. Bu zaman onun bıçağı əlimdən alaraq uşaqların yanında məni döyəcəyini düşündüm. Qohum-qonşular bizim səsimizdən bezmişdilər. Bizim uşaqlarımızdan birinin 7 yaşı, digərinin 9 yaşı, böyüyünün isə 11 yaşı var. Uşaqlardan ikisi əlildir. Bir uşağın ayaqları inkişafdan qalır, digər uşağın başında təzyiqi var. İsmayıl məni həmişə gecələr döyüb. Bu zamanlar isə uşaqlar yatıblar. Buna görə də uşaqlar mənim döyülməyimin şahidi olmayıblar”.

İş üzrə zərərçəkmiş İsmayılın hüquqi varisi də hadisə barədə danışıb. O, Könülə qarşı heç bir şikayəti və tələbi olmadığını deyib.

Hüquqi varis qeyd edib ki, qızının əri rəhmətə gedib, onun da iki uşağı qalıb: “Qızımın da uşaqlarına Könül baxıb. Oğlum İsmayıl əvvəllər Könülü döyməyib, amma sonralar onu döyüb. Qızım işə getdikdən sonra onun da uşaqlarına Könül baxıb, onları məktəbə yola salıb və hər işi Könül görüb. Mənim İsmayıldan başqa oğlum yoxdur. Hazırda nəvələrimə mən baxıram”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Könülün əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilib və ona 9 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Mənbə: publika.az