Qətər İnvestisiya Təşkilatı Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” ilə İsrailin müdafiə sənayesi şirkəti “Rafael” arasında nəzərdə tutulan əməkdaşlıq planını dəstəkləməyib.
Almaniyanın “Bild” qəzetinin məlumatına görə, plan Osnabrükdə yerləşən “Volkswagen” zavodunda “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi üçün komponentlərin istehsalını nəzərdə tuturdu.
“Volkswagen”in əsas səhmdarlarından biri olan QİT-in bu layihəyə etiraz etməsi zavodun yenidən qurulması planının həyata keçirilməsini əngəlləyib. Layihənin reallaşacağı təqdirdə təxminən 2 300 iş yerinin qorunacağı gözlənilirdi.
QİT 2009-cu ildə 7 milyard avrodan çox sərmayə yatıraraq “Volkswagen”in nizamnamə kapitalının 10,4%-ni əldə edib. Hazırda QİT-in baş icraçı direktoru Məhəmməd Saif əl-Suvadi və Qətər hökumətinin iki sabiq üzvü şirkətin Müşahidə Şurasında təmsil olunurlar.
“Bild” qəzetinin yazdığına görə, “Rafael” layihənin həyata keçirilməsi ilə bağlı Hindistanın müdafiə sənayesi şirkətləri ilə danışıqlara başlayıb.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az