İsrailin Baş naziri Benyamin Netanyahu ilk dəfə “Hizbullah” lideri Həsən Nəsrullaha sui-qəsd qərarı ilə bağlı təfərrüatları açıqlayıb.
Bu barədə teleqram kanallarında məlumat paylaşılıb.
“Biz onun harada olduğunu dəqiq bilirdik. Qərar asan deyildi. Nəsrullah şiələr arasında Ayətullah Xameneidən sonra ikinci ən populyar lider hesab olunurdu. Üstəlik, başa düşdüm ki, Tehranın hərəkətlərinin istiqamətini təyin edən əsasən Nəsrullahdır və onun yoxluğu bütün quruluşa ciddi zərbə olacaq”, – Netanyahu bildirib.
O qeyd edib ki, İsrail Nazirlər Kabinetində müzakirələr olsa da, ABŞ-a məlumat verməməyi qərara alıblar:
“Dedim ki, ən yaxşı halda təyyarələr artıq havada olanda, son anda məlumat verəcəyik. Nyu-Yorka uçmazdan əvvəl müdafiə nazirini və baş qərargah rəisini ayrı otağa yığdım. Hərəkət etmək qərarına gəldik. Nəhayət, təyyarədə əməliyyatı təsdiqlədim. Nyu-Yorkdakı oteldə telefonla kabinetin onlayn iclası keçirdik və son əmri mən verdim”.
Məlumata görə, Netanyahu BMT-dəki çıxışına hazırlaşarkən eyni vaxtda digər iki telefon vasitəsilə əməliyyatı izləyib:
“BMT Baş Assambleyasındakı çıxışımdan və jurnalistlərlə görüşümdən sonra mənə yalnız bir söz yazılmış nota verdilər: “Bitti”. Nəsrullah əvəzedilməz bir fiqur idi, onlar hələ də yerini tuta biləcək lider tapmayıblar. Bu da Suriya müharibəsi zamanı minlərlə döyüşçünü səfərbər etmək üçün Nəsrullahdan əhəmiyyətli yardım alan Bəşər Əsədi ciddi şəkildə zəiflətdi”.
Xatırladaq ki, İsrail ordusu sentyabrın 28-də Beyruta endirdiyi silsilə zərbələr nəticəsində “Hizbullah”ın lideri Şeyx Həsən Nəsrullahı öldürdüyünü açıqlayıb.
Günay Rəsulqızı
Mənbə: globalinfo.az