Hindistan Baş naziri müdafiə naziri və SQ komandanlığı ilə görüş keçirib

Hindistan Baş naziri müdafiə naziri və SQ komandanlığı ilə görüş keçirib

Hindistanın Baş naziri Narendra Modi ölkənin müdafiə naziri Racnath Sinqh və əsas Qilahlı Qüvvələrinin komandanlığı ilə görüş keçirib.

Bu barədə “The Hindustan Times” məlumat yayıb.

“Modi müdafiə naziri, milli təhlükəsizlik üzrə müşavir Acit Kumar Doval, müdafiə qərargahının rəisi Anil Çauhan, Silahlı Qüvvələrin üç əsas növünün rəisləri ilə iclasa sədrlik edib. İclas aprelin 22-də Cammu və Kəşmirin Pahalqam bölgəsində turistlərə qarşı törədilən terror aktından sonra çağırılıb”, - məlumatda deyilir.

Daha əvvəl Hindistan Daxili İşlər Nazirliyi Sərhəd Təhlükəsizliyi Qüvvələri, Mərkəzi Ehtiyat Polis Qüvvələri və Milli Təhlükəsizlik Mühafizəsi (Daxili İşlər Nazirliyi yanında antiterror xüsusi təyinatlıları bölməsi) rəhbərlərinin görüşünü keçirib. Modi qeyd edib ki, silahlı qüvvələr komandanlığı Hindistanın təhlükəsizliyinə təhdidlərə necə cavab verəcəyi ilə bağlı vasitələri, məqsədləri və vaxtı müəyyən etmək baxımından tam sərbəstliyə malikdir.

Həmçinin çərşənbə axşamı polis və Milli Təhlükəsizlik Qvardiyası Cammu və Kəşmirin ittifaq ərazisində asayişi təmin etmək üçün təlim keçirib.

Mənbə: report.az