Növbəti köç karvanı Sarıcalı və Ballıca kəndlərinə yola salındı - VİDEO

Növbəti köç karvanı Sarıcalı və Ballıca kəndlərinə yola salındı -

Keçmiş məcburi köçkünlərin bir qrupu Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə yola salınıb.

Bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 39 ailə - 169 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 15 ailə - 68 nəfər köçürülür.

Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Xatırladaq ki, bu köç prosesi də daxil olmaqla ümumilikdə Ağdam rayonunun Sarıcalı kəndinə cəmi 149 ailə (609 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə cəmi 172 ailə (811 nəfər) köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə 40 mindən çox insan yaşayır.



Mənbə: bizim.media