Rusiyada nüfuzlu və Prezident Vladimir Putinə yaxın olan Rotenberq qardaşlarının himayədarlığı ilə yüksələn Roman Starovoyt uzun müddət bu dəstək sayəsində uğurlu karyera qurub. O, hökumətə daxil olmamışdan əvvəl başqa bir vəzifədə – Kursk vilayətinin qubernatoru kimi sınaqdan keçib. Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başladığı zaman da həmin vəzifədə olub, daha sonra isə nəqliyyat naziri postuna keçirilib.
Bunu rusiyalı ekspert İlya Şumanov “Meduza” nəşri üçün yazıb.
O qeyd edib ki, qubernator olduğu dövrdə Starovoyt Kursk vilayətində hərbi istehkamların – “əjdaha dişləri” adlandırılan müdafiə xətlərinin tikintisinə cavabdeh idi. Nəqliyyat naziri təyin olunsa da, Kursk vilayətində onunla yaxın əlaqədə olan bir çox adam qalıb. Xüsusilə, onu əvəz edən qubernator Smirnov və vilayətdə istehkamların inşasına cavabdeh olan “Kursk Vilayətinin İnkişaf Korporasiyası”nın direktoru Vladimir Lukin ilə sıx əlaqədə olub.
“De-fakto bu təşkilat kölgə sxemləri üçün bir maliyyə mənbəyidir – büdcə vəsaitlərinin çıxarılması, torpaq sahələrinin qeyri-şəffaf bölgüsü, lobbiçilik və yaxın layihələrin dəstəklənməsi üçün kommersiya örtüyüdür.
Lakin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə doğru irəliləməsi zamanı məlum olub ki, “əjdaha dişləri” adlandırılan istehkamlar Ukrayna hücumunu dayandıra bilməyib”, – Şumanov yazıb
Şumanov qeyd edir ki, bundan sonra Rusiya ordusu, güc strukturları və məmurlar məsuliyyəti bir-birinin üzərinə atmağa başlayıb. Sonda isə güc strukturları əsas günahı hərbçilər və mülki idarəetmə orqanlarının üzərinə yıxıblar. Bu çərçivədə Starovoyta yaxın şəxslər Smirnov və Lukin həbs olunub və onun əleyhinə ifadə veriblər.
O yazır ki, Starovoyt Rusiya büdcəsinin talan edilməsindəki korrupsiya zəncirində sonuncu adam deyildi. Ehtimal olunur ki, həbsi halında o, himayədarları haqqında ifadə verə, Rotenberqlərlə və ya digər federal fiqurlarla əməkdaşlıq barədə danışa bilərdi.
“Belə risk səviyyəsi potensial olaraq intihar kimi quraşdırılmış bir qətlin səbəbi ola bilər. Starovoytun ölümü ilə bağlı süjet Rusiyanın dövlət və özəl neft-qaz şirkətlərinin yüksək rütbəli menecerlərinin müəmmalı ölümlərinə bənzəyir. Bu ölümlərin şəraiti sirrlə doludur. Biz bu ölümlərdə şübhəli məqamlar və detallar görürük: insanlar sağlam düşüncədə olduqları halda pəncərədən yıxılırlar. Ağıllı, psixoloji baxımdan sabit insanlar qəfildən silaha sarılırlar və ya ürəkləri dayanır, ofislərində ölürlər. Bu, ayrı-ayrı hadisələr deyil, bir ardıcıllıqdır”, – Şumanov vurğulayıb.
Şumanov qeyd edir ki, bu cür versiyalar yalnız konspirativ səviyyədə qurula bilər və istisna etmir ki, Starovoyt doğrudan da şəxsi motivlərlə intihar etmiş ola bilər.
“Amma əgər belədirsə, bunun üçün etibarlı sübutlara ehtiyac var və bu sübutlar yoxdur və olmayacaq: Rusiya neft-qaz sektorundakı top-menecerlərin müəmmalı ölümlərində olduğu kimi”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Roman Starovoyt nəqliyyat naziri vəzifəsindən azad edilib. Həmin gün Starovoyt intihar edib.
Mənbə: axar.az