Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Pakistan və Hindistanın Moskvadakı səfirləri Məhəmməd Xalid Camali və Vinay Kumar ilə görüşlər keçirib.
Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, bununla rəsmi Moskva Hindistan və Pakistan arasında gərginliyin artması ilə əlaqədar hər iki tərəfi təmkinli olmağa və dialoqa çağırıb.
Pakistan səfiri ilə görüşdə tərəflər Rusiya-Pakistan əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin aprelin 22-də Kəşmirdə baş vermiş terror aktı ilə əlaqədar İslamabad və Yeni Dehli arasında gərginliyin artması məsələsini müzakirə ediblər.
Hindistanlı diplomatla görüş zamanı isə Rudenko cari ikitərəfli məsələləri və qarşıdan gələn siyasi təmasların qrafikini, həmçinin Cənubi Asiya regionunda ümumi vəziyyəti müzakirə edib.
Qeyd edək ki, Kəşmirdəki terror aktından sonra ölkələr arasında gərginlik artıb. Hindistan tərəfi baş verənlərə görə Pakistan hakimiyyətini günahlandırır. Aprelin 22-də naməlum silahlı şəxslər Kəşmirin Baysaran vadisində turistlərə atəş açıb. Hücum nəticəsində 25-dən çox turist həlak olub.
Hücuma görə məsuliyyəti Pakistanda yerləşən Leşkər-e-Tayyiba (LeT) təşkilatı öz üzərinə götürüb.
Mənbə: bizim.media