Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli partiyadan kənarlaşdırılıb.
Bu barədə “Qafqazinfo”ya Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev məlumat verib.
M.Babayev son aylarda M.Rəhimovun partiya daxilində subardinasiyaya əməl etmədiyini, partiya daxilində regionçuluq təbliğatı apardığını bildirib: “Nizamnaməyə zidd olaraq “Ali Məclis”in iclasını çağırıb, Ali Məclis sədrinin səlahiyyətlərini mənimsəyib, Ali Məclisin üzvü olmaya-olmaya “Ali Məclis”in iclasını aparıb, sədrin nizamnaməyə uyğun tətbiq etdiyi “Veto” hüququna məhəl qoymayıb, uzun müddət partiyanın təşkilatlanma prosesinin qarşısını məqsədyönlü şəkildə alaraq, nizamnamənin 4.7.4, 4.8.3, 4.8.4, 4.8.5, 4.8.6, 4.8.7 bəndlərini kobud şəkildə pozub”.
Ali Məclis sədrinin sözlərinə görə, törədilən nizamnamə pozuntularının ağır xüsusiyyətləri nəzərə alınaraq siyasi şurada Rəhimov Mütəllim Qara oğlunun Ədalət partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilib.
Məsələ ilə bağlı “sherg.az”a danışan Mütəllim Rəhimli isə sözügedən yığıncağın partiya ilə heç bir əlaqəsinin olmadığını deyib. Onun sözlərinə görə, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) bir qrup şəxsin toplantı keçirməsi ilə bağlı məsələni araşdıraraq qərar qəbul edib: “Ədalət Partiyası aprelin 19-da Ali Məclisin iclasını keçirib və müvafiq qərarlar qəbul edib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Çünki Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bütün səlahiyyətlər də Təşkilat Komitəsinə keçib. Mən Ədalət Partiyasının yaradıcılarından biri olmuşam. Onlar məni üzvlükdən çıxara bilməzlər. Həm də ki, partiya üzvü olmayanları, qohum və dostlarını xahiş-minnətlə ora toplayıb partiya adından qərar verə bilməzlər. Bu, özfəaliyyətdir. Onların evlərində verdikləri qərarın partiya həyatına nə dəxli var?! Soruşuram, orada rayon təşkilatlarının nümayəndələri iştirak etmədiyi halda necə qərar vermək olar və yaxud bu yığıncağın adı nə olacaq? Siyasi Şura olmadığı halda o necə qərar verir? Həm də Nizamnaməyə görə, partiya üzvünü rayon təşkilatı üzvlükdən çıxara bilər. Rayon Təşkilatının isə belə bir qərarı yoxdur. Rayon təşkilatlarının təmsilçilərinin iştirakı ilə Ali Məclis keçirilib və onun qərarları da yerinə yetirilir”.
Mənbə: qafqazinfo.az