Səfir Qurgenlə oliqarx Ara Moskvada nə üstə davaya çıxdı?..- “Past”

Səfir Qurgenlə oliqarx Ara Moskvada nə üstə davaya çıxdı?..- “Past”

Moskvada Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan arasında münaqişə baş verib.

Bu haqda “Past” nəşri məlumat yayıb.

Qondarma “soyqırımı”nın 110 illiyi ilə əlaqədar Rusiya Erməniləri İttifaqı Moskvada və Rusiya Federasiyasının digər vilayətlərində bir sıra tədbirlər təşkil edib. Səfirlə oliqarxın davası da məhz Moskvada bu mövzuda keçirilən konfrans ərəfəsində baş verib.

Məlumata görə, A.Abramyan konfransda kifayət qədər sərt çıxış edərək, xüsusilə qeyd edib ki, “Ermənistan hakimiyyəti özünü dəhşətli aparır, erməni soyqırımı faktını şübhə altına alır və ya həmin illərdə öldürülən soydaşlarımızın sayını hesablamağı təklif edir, bu məsələdə Türkiyədən də irəli gediblər”.

Səfir Q.Arsenyan həmin konfransa dəvət olunsa da, iştirakdan imtina edərək, Erməni Baş Katedral Kompleksi ərazisində yerləşən “soyqırımının müqəddəs qurbanlarının xatirəsinə ucaldılmış” abidənin önünə gül dəstələri qoymaqla kifayətlənib.

“Əldə etdiyimiz məlumata görə, bundan sonra o, Rusiya və Yeni Naxçıvan Erməni Yeparxiyasının baş məmuru arxiyepiskop Ezras Nersisyanın otağında olub, lakin tezliklə Ara Abramyan da bura gəlib. Mənbələrimizin bildirdiyinə görə, tərəflər arasında atmosfer qızışıb, Ara Abramyan sərt və qəfil bəyanatlar verib, bir sözlə, təkcə səfirlə bağlı deyil, ümumilikdə Ermənistan hakimiyyəti ilə bağlı düşündükləri hər şeyi deyib”, - xəbərdə belə deyilir.

Mənbə: moderator.az