Suriyanın yeni rəhbəri Əhməd əl-Şaraa İsraillə münasibətlərin normallaşdırılmasında maraqlı olduqlarını bildirib.
O, bu barədə ABŞ konqresmeni Kori Mills ilə görüşdən sonra bəyan edib.
Mills Suriyaya həmkarı, konqresmen Marlin Ştutsmanla birlikdə səfər edib. Bu, Suriya eks-prezidenti Bəşər Əsədin devrilməsindən sonra ABŞ rəsmilərinin ölkəyə ilk rəsmi səfəri olub.
Görüş zamanı ABŞ tərəfi Suriyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılması və ya tam ləğv olunması üçün bir sıra şərtlər irəli sürüb. Onlardan biri də İsraillə münasibətlərin normallaşdırılmasıdır. Əl-Şaraa bu istiqamətdə müəyyən şərtlərlə irəliləməyə hazır olduqlarını deyib və vurğulayıb ki, Suriya "İbrahim Sazişləri"nə qoşulmaq imkanını nəzərdən keçirir.
O, həmçinin ölkədə fəaliyyət göstərən xarici döyüşçülərlə bağlı məsələnin necə həll ediləcəyini izah etməyə və İsrailə – ABŞ-ın müttəfiqinə – zəmanətlər verməyə hazır olduğunu bildirib. Əvəzində isə ABŞ və Aİ-dən iqtisadiyyatın bərpası üçün bütün sanksiyaların ləğvini istəyir.
ABŞ konqresmeni Kori Mills Bloombergə açıqlamasında danışıqları müsbət qiymətləndirərək bildirib: “Mən nikbinəm və açıq dialoqu dəstəkləməyə çalışıram”.
Mənbə: musavat.com