Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsi Myanmanın Rohinca müsəlmanlarına qarşı soyqırımı törətdiyini tanıyıb.
“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, bu barədə BMT Beynəlxalq Ədalət Məhkəməsinin sədri Yuci İvasava Sülh Sarayında Qambiyanın Myanmaya qarşı iddiası üzrə qərarı elan edərkən bildirib.
Məhkəmədə qeyd olunub ki, mövcud sübutlar 2017-ci ildə Myanma təhlükəsizlik qüvvələri tərəfindən təxminən 10 min insanın öldürüldüyünü təsdiqləyir. Qərara əsasən, hücumlar zamanı Myanma ordusu məqsədyönlü şəkildə rohinca müsəlmanlarını təqib edib.
Məhkəmə müəyyən edib ki, dağıntılara və yanğınlara məhz rohinca müsəlmanlarının yaşayış məntəqələri məruz qalıb, bundan əlavə məhkəmədənkənar edamlar həyata keçirilib. Qərarda vurğulanır ki, rohinca müsəlmanlarının kəndlərinin təxminən 40 faizi dağıdılıb və tezliklə onların ərazisində digər icmaların nümayəndələri məskunlaşmağa başlayıb. Məhkəmənin qiymətləndirməsinə görə, kəndlərin dağıdılması rohinca müsəlmanları üçün "geri qayıtmağa yer olmadığına" dair bir siqnal olub.
Xatırladaq ki, 2017-ci ilin avqustunda Myanma ordusu Arakan ştatının şimalında "təmizləmə əməliyyatları"na başlayıb.
Bu əməliyyatlar zamanı kütləvi qətllər, zorlamalar və kəndlərin yandırılması halları baş verib, nəticədə yüz minlərlə rohinca müsəlmanı Banqladeşə qaçmağa məcbur olub. 11 noyabr 2019-cu ildə Qambiya soyqırımı ittihamı ilə BMT Beynəlxalq Ədalət Məhkəməsində Myanmaya qarşı iddia qaldırıb.
Gözlənilir ki, məhkəmənin Myanma ilə bağlı bu qərarı Cənubi Afrika Respublikasının Qəzza zolağında soyqırımı ittihamı ilə İsrailə qarşı qaldırdığı iddianın araşdırılması üçün presedent yaradacaq.
Mənbə: bizim.media