ABŞ-İran gərginliyi fonunda İranın dini lideri Müctəba Xamenei raket və saat təsvirinin əks olunduğu paylaşım edib. Paylaşımda “Hücum olacağı təqdirdə dərhal, effektiv və coğrafi sərhəd tanımadan cavab verin” ifadəsi yer alıb.Demək olar ki, fevralın 28-dən bəri yeni ali rəhbərin oxşar bəyanatlarını görmək olar, amma özünü yox. Artıq 10 aydır ki, Xamenei üzə çıxmır. Ancaq sual da budur – nə vaxta qədər?
Müctəba Xameneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması İranın siyasi vəziyyəti ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biridir. Xüsusilə onun harada olması, səhhəti, siyasi qərarlarda iştirak edib-etməməsi və niyə video və ya canlı çıxış etməməsi barədə çoxlu suallar var. Onun ali rəhbər seçilməsindən isə təxminən 8 ay 11 gün keçir. Ümumilikdə 10 ayda bir dəfə də olsun görünməyib. Bu müddət ərzində İran dövlət televiziyası onun adından yazılı bəyanatlar yayıb, lakin onun yeni və tarixli canlı video və ya səs çıxışı ictimaiyyətə təqdim edilməyib. Bu, vəziyyətin ən diqqətçəkən tərəfidir. Yəni ən azından audio yazılı bəyanatı yayıla bilərdi.
Xarici işlər naziri Abbas Əraqçi 3 noyabr 2026-cı ildə Əl-Cəzirəyə müsahibəsində bildirib ki, Müctəba Xameneinin harada olduğu təhlükəsizlik səbəbindən gizli saxlanılır: “Onun görüntülərinin və ictimai çıxışlarının yayımlanmaması qəsdən verilmiş qərardır. ABŞ və İsrailin İran rəhbərliyinə qarşı hücum təhlükəsi hələ də nəzərə alınır. Ali rəhbərin qərarları dövlət qurumlarına çatdırılır”.
Amma nə vaxta kimi? Xalq ölkənin ali rəhbərini gec-tez görməli deyilmi?
Politoloq Əli Orucov bildirib ki, İranın yeni Ali Dini Lideri Müctəba Xameneinin taleyi barədə ziddiyyətli məlumatlar və qaranlıq məqamlar hələ də qalır: “Bəziləri onun ağır yaralı olduğunu və müalicə aldığını, bəziləri isə öldürüldüyünü söyləyir. İran israrla yeni Ali Dini Liderin həyatda qaldığını və dövləti idarə etdiyini iddia etsə də, ortada heç bir əlamət və sübut, dəlil yoxdur. Bunu cəmiyyətə təqdim etmirlər yaxud edə bilmirlər. Onun adından ancaq istifadə olunur. Bu isə şübhələri daha da artırır. İran kimi teoktarik rejimlərdə liderin mütəmadi publik görünməsi, yaxud səsli müraciətlər etməsi çox vacibdir. Bu psixoloji, mənəvi, siyasi və milli birlik baxımından əhəmiyyət kəsb edir. Müctəba Xameneidən əvvəlki iki ali dini lider ən azından cümə namazlarında və xütbələrdə xalqın gözünə görünüblər, şifahi müraciətlərini ediblər. İranın indiki böhranlı və ağır vəziyyətində Xameneinin görünməsi cəmiyyət üçün vazkeçilməzdir. Demək ki, onun sağ qalması ilə bağlı şübhələr əsassız deyil. Tarixdə rəhbərin, sərkərdənin yaxud dövlət başçısının ölməsininin uzun müddət xalqdan gizli saxlanılması halları var. Bu o zaman edilir ki, ordunun, xalqın və hakim elitanın ruh düşkünlüyü olmasın, parçalanma və daxili çəkişmələr baş verməsin. Hakimiyyətin çöküşünün qarşısı alınsın. İranda da məncə oxşar vəziyət yaranıb. Tehran rejimi Xameneinin adından bəyanatlar və qərarlar verir. Amma özü ortalıqda yoxdur. Əslində isə real hakimiyyət və güc SEPAH-ın əlindədir. Mülki dini hakim elita çöküb. Müharibə bitənədək də heç nə dəyişməyəcək. Yeni ali dini lider ortada hər hansı vasitə ilə, yaxud da canlı görünməyəcək. Çox böyük ehtimalla o ümumiyyətlə yoxdur. Müharibədən sonra da bu yoxluğu hansısa formada ört basdır edəcəklər və ya müxtəlif izahlar və addımlar atmaqla pərdələməyə çalışacaqlar”.
Cavanşir Abbaslı
Mənbə: musavat.com