Türkiyə Böyük Millət Məclisində (TBMM) 1000-dən çox deputat toxunulmazlığı ilə bağlı işin yenidən gündəmə gətirilməsi planlaşdırılır. Ağır cinayət ittihamları ilə bağlı dosyelərə prioritet verilməsi nəzərdən keçirilir. Prezident Rəcəb Tayyib Ərdoğan işlərin gözlədilməməsi barədə göstəriş verib.
Bizim.Media xəbər verir ki, müzakirə olunan variantlardan biri Ərzincan millət vəkili Mustafa Sarıgülün deputat toxunulmazlığının ləğvidir.
Onun barəsində cinayətkar təşkilat yaratmaq və idarə etmək, çirkli pulların yuyulması, dələduzluq və ağırlaşdırıcı hallarda cinsi təcavüz ittihamlarını əhatə edən materialların hazırlandığı bildirilir.
Məlumata görə, toxunulmazlıq dosyeləri ilə bağlı üç variant nəzərdən keçirilir: ağır ittihamlarla bağlı işlərin komissiyaya çıxarılması, qanunvericilik dövrünün sonunadək gözlədilməsi və ya Sarıgülün toxunulmazlığının ləğvi.
Hələlik bu barədə yekun qərar qəbul edilməyib. Deputat toxunulmazlığının ləğvi üçün müvafiq komissiyanın baxışından sonra TBMM-in Baş Assambleyasında qərar verilməlidir.
Mənbə: bizim.media