ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki müttəfiqlərinin Vaşinqtonun İrana qarşı blokadanı davam etdirməsini, hətta bu məhdudiyyətlərin quru sərhədlərinə də şamil olunmasını istədiklərini bildirib.
Publika.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.
O qeyd edib ki, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt və digər ölkələr mövcud vəziyyətin qorunmasının tərəfdarıdır.
“Başqa sözlə, onlar istəyirlər ki, tarixdəki ən böyük dəniz blokadasını davam etdirək. Həmçinin yeni “Dəmir qapılar” əməliyyatına da ehtiyac duyurlar. Yəni söhbət həm dəniz, həm də quru blokadasından gedir”, - deyə Tramp bildirib.
ABŞ prezidenti Ağ Evdə Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani ilə keçirdiyi danışıqları da yüksək qiymətləndirib.
Qeyd edək ki, Qətər ABŞ və İran arasında münaqişənin həlli ilə bağlı danışıqlarda vasitəçi rolunu oynayır.
Mənbə: publika.az