Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda vəziyyətin yaxşılaşmasına səbəb olub.

"Cənubi Qafqazda vəziyyət yaxşşılaşma əlamətləri göstərir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regionda faktiki olaraq sülhün bərqərar olması öz nəticəsini verir", - deyə o, MDB üzv dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin 14-cü illik iclasında bildirib.
Beləliklə, Şoyqunun sözlərinə görə, "işçi qrupu çərçivəsində razılaşmaların əldə edildiyi nəqliyyat kommunikasiyalarının açılması böyük əhəmiyyət kəsb edir".
Eyni zamanda, o əlavə edib ki, bütün logistika layihələri iqtisadi cəhətdən əsaslandırılmalı və xərclərin ödənilməsini təmin etməlidir.
Rusiya Təhlükəsizlik Şurasının katibi Gürcüstandakı vəziyyətə də toxunub. O bildirib ki, Gürcüstan hakimiyyəti 2024-cü ildə Gürcüstanın qərbyönlü müxalifəti tərəfindən başladılan dövlət çevrilişinin qarşısını praktik olaraq alıb və ölkənin milli maraqlarının qorunmasına yönəlmiş siyasət yürütməyə başlayıb.
Şoyqu əlavə edib: "Vurğulamaq istərdim ki, regional məsələlər xarici ölkələrin müdaxiləsi olmadan siyasi və diplomatik yollarla həll olunmalıdır".
Eyni gündə Rusiyadan daha bir rəsmi açıqlama gəlib.
"Ermənistan hakimiyyəti əvvəlcə vətəndaşların ölkənin Avropa İttifaqına (AB) üzvlüyü məsələsinə referendum yolu ilə münasibətini öyrənməli və yalnız bundan sonra Brüsselə rəsmi müraciət göndərməlidir". Bu fikri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin 9 noyabrda bildirib.
Diplomat TASS agentliyinə verdiyi müsahibədə bildirib: "Məntiq göstərir ki, əvvəlcə referendum keçirib xalqdan soruşmalıyıq, sonra isə Brüsselə rəsmi müraciət təqdim etməliyik, Ermənistan rəhbərliyinin son zamanlar açıq şəkildə iddia etdiyi kimi, əksinə yox".
Pankin qeyd edib ki, Baş nazir Nikol Paşinyan hökumətinin Avropaya inteqrasiya istəyi ziddiyyətli bir vəziyyət yaradıb. Onun qiymətləndirməsində İrəvanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlükdən əldə etdiyi iqtisadi üstünlüklər başqa bir ittifaqa qoşulmaq ideyasını təşviq etmək üçün istifadə olunur.
Rusiya xarici işlər nazirinin müavini vurğulayıb ki, ümumxalq səsverməsinin keçirilməsi Ermənistanın gələcək inteqrasiya yolunu müəyyən etmək üçün konstitusiya qaydalarına uyğun olacaq. Eyni zamanda, o, Aİ üzvlüyü üçün ərizə təqdim etdikdən sonra vətəndaşların rəyinin artıq nəzərə alınmayacağından narahatlığını bildirib.
Diplomat həmçinin AİB müqaviləsinin dayandırılmasının Ermənistan üçün mümkün nəticələri barədə hesabatı xatırladıb. Onun sözlərinə görə, belə bir ssenari yalnız birliyin digər üzvlərinin iqtisadi təhlükəsizliyini qorumaq üçün ifrat tədbir kimi qəbul edilir.
Professor Qabil Hüseynli bildirib ki, Rusiya Cənubi Qafqazda gedən proseslərə təsir imkanının qaldığını göstərmək istəyir. Onun sözlərinə görə, Şoyqu və Pankin tərəfindən səslənən bəyanatlar müxtəlif mövzulara aid olsa da, bütövlükdə regiona dair məsələlərdir.
Professor hesab edir ki, Rusiya üçün əsas narahatlıq Ermənistanla bağlıdır: "Moskva İrəvanı referenduma tələsdirir. Kreml arxayın olmaq istəyir ki, ermənilərin seçimi Avropadır, ya yox. Hazırda səsvermə olarsa, minimal fərqlə avrointeqrasiya tərəfdarları qalib gələr. Lakin hökumət risk etmək istəmir. Onsuz da Ermənistanı Avropa İttifaqına belə tezliklə üzv qəbul etməyəcəklər. Hətta ümumiyyətlə, Ermənistanın birliyə qoşulacağını gözləmirəm. Sırada Ukrayna, Moldova və Gürcüstan var və illərdir ki, gözləmə mövqeyindədirlər. Halbuki namizədlik statusu qazanıblar. Ermənistan isə prosesin lap əvvəlindədir. Ona görə Rusiya Ermənistanı sıxışdırır".
Politoloq Şoyqunun regionda sülh prosesi haqda fikirlərini ümumi baxışda pozitiv sayır: "Amma Rusiya bununla Cənubi Qafqazda gedən hadisələri izlədiyini göstərmək istəyir. Moskva artıq sülh prosesinə müdaxilə edə bilməz. Sadəcə, Ermənistan yekun sülh sənədi üçün yeni konstitusiya qəbulunu tezləşdirməlidir. Trampdan sonra bölgədə fərqli proseslər yaşana bilər".
Emil Salamoğlu
Mənbə: musavat.com