Ermənistanda “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan yenidən həbs edilib. Məhkəmə onun barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçib.
Noyabrın 4-də səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Samvel Karapetyanın (ev dustaqlığında olub) və onun qardaşı oğlu, “Güclü Ermənistan” parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evləri də daxil olmaqla, 65 ünvanda axtarış aparıblar. Axtarışdan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Samvel Karapetyanı İstintaq Komitəsinə aparıblar.
İstintaqın iddiasına görə, Karapetyanın və onunla əlaqəli şəxslərin hərəkətləri nəticəsində “Ermənistan Elektrik Şəbəkələri” QSC-yə 64,5 milyard dram (177 milyon dollar) məbləğində ziyan dəyib. Ümumilikdə, prokurorluq 36 nəfər barəsində cinayət təqibinə başlayıb.
Samvel Karapetyanın yenidən həbs olunması “Güclü Ermənistan” liderinin komandasının etirazına səbəb olub. Komandanın bəyanatında bildirilib ki, məhkəmənin qərarı Ermənistanın dövlət strukturlarının Baş nazir Nikol Paşinyanın göstərişlərini yerinə yetirdiyini sübut edir.
Bəyanatda qeyd olunub ki, Paşinyan cəmi bir neçə gün əvvəl Ermənistanın yeni konstitusiyasına qarşı çıxan müxalifət liderlərini açıq şəkildə hədələyib.
Bizim.Media
Mənbə: bizim.media