Ermənistanda KRİTİK ay – Bakının bu dəstəyi olsa...

Ermənistanda KRİTİK ay – Bakının bu dəstəyi olsa...

Əgər “fors major” vəziyyəti olmasa, bu ay Ermənistanın yeni konstitusiyasının mətni ictimai müzakirəyə çıxarılacaq. Əsas sual isə hələ də açıq qalır: bu toplum qonşu Azərbaycan və Türkiyə ilə gerçəkdənmi sülh istəyir, ya yox? Çünki Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Paşinyan hökuməti ilə yox, erməni xalqı ilə anlaşma imzalamaq istəyir.

Bakı və İrəvan arasında yeni “mərhələli həll” – Bu dəfə tam fərqli! -  Globalinfo.az

Səbəbi bəsit: qonşu xalqlar və dövlətlər arasında hər şeydən öncə müvəqqəti yox, daimi sülh və sabitlik lazım. Daha çox da blokadan əziyyət çəkən erməni tərəfinə. Yolu çoxdan məlum. Daha dəqiqi tək əngəl bəlli: Ermənistan konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmaq. Bu arada ölkənin ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərlə yeni konstitusiya əleyhinə olan radikal müxalifətə səslənib. “Qoy müxalifət qüvvələri öz təkliflərini irəli sürsünlər.
Məsələn, Müstəqillik Bəyannaməsinin preambulasında köhnəlmiş məqsədlər varsa, yeni konstitusiyada Müstəqillik Bəyannaməsinin qeyd edilməsinin hansı fayda verəcəyini izah etsinlər. Biz niyə yeni konstitusiya hazırlayırıq?

Ona görə ki, hazırda harda olduğumuzu, hara getdiyimizi, hansı dövlət olduğumuzu, məqsədlərimizin nə olduğunu və nə üçün hərəkət edəcəyimizi anlamaq üçün. Heç kim Müstəqillik Bəyannaməsini tarixin səhifələrindən silə bilməz və heç kim belə bir şey ağlına da gətirmir. Amma fakt budur ki, Bəyannamənin məqsədləri artıq köhnəlib və bizim Dağlıq Qarabağla Ermənistanı birləşdirmək məqsədimiz yoxdur”, - nazir vurğulayıb.

Onun sözlərinə görə, məqsəd Ermənistan Respublikasının uzunömürlülüyünü, çiçəklənməsini, inkişafını, müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsini təmin etməkdir. “Bu gün sahib olduğumuz sülhə görə minnətdarıq. Bu sülhü qorumaq və onu davamlı eləmək istəyirik. Bu gün biz faktlar haqda, bu gün haqda danışırıq, bugünkü reallıq başqa şeydir”, - Qalyan əlavə edib.

Göründüyü kimi, kifayət qədər arqumentli bir çağırışdır.

Bəs referendumda yetərli sayda dəstəyi təmin eləmək üçün cəmiyyəti və revanşist kəsimin bir hissəsini buna inandırmaq mümkün olacaqmı? Bakının nəticənin müsbət olması üçün hansı köməyi dəyə bilər?

Elşad Musayev vətəndaşları qəbul edib – Böyük Azərbaycan Partiyası

Deputat Elşad Musayev Musavat.com-a söyləyib ki, Ermənistan müxalifəti referenduma ciddi maneə yarada bilər, amma nəticəsini təkbaşına müəyyən edə bilməz. Onun fikrincə, əsas məsələ erməni cəmiyyətinin yeni konstitusiyanı hansı şərtlərlə qəbul etməyə hazır olmasıdır: “Ermənistan parlamentində referendumun keçirilməsi üçün tələb olunan siyasi razılaşma hələ də əldə olunmayıb. Müxalifət fraksiyaları yeni konstitusiya layihəsinin referenduma çıxarılmasına dəstək verməkdən imtina edirlər. Müxalifət konstitusiya dəyişikliklərinin Azərbaycanla sülh sazişinin imzalanması üçün zəruri şərt kimi təqdim edilməsinə də etiraz edir. Parlament sədri Ruben Rubinyan isə müxalifətə fərqli təklif irəli sürüb: referendumun keçirilməsinə səs versinlər, lakin özləri layihəyə qarşı təbliğat aparsınlar və son qərarı xalqa buraxsınlar. Deməli, iqtidar müxalifətdən daha çox xalqa güvənir. Görünür ki, hakimiyyət referendumun nəticələrinə indidən inanır. Müxalifət isə anlayır ki, referenduma getmək hakimiyyətin xeyrinə olacaq, ona görə parlamentdə olan güclərindən istifadə edərək əngəl olmağa çalışırlar”.

Deputatın gözləntisi budur ki, gec-tez referendum keçiriləcək: "Ermənistanda konstitusiya referendumunun nəticəsinin qüvvəyə minməsi üçün yalnız səsvermədə iştirak edənlərin çoxluğu kifayət etmir. Qüvvədə olan qaydalara əsasən, seçicilərin ümumi sayının ən azı 25 faizinin lehinə səs verməsi də tələb olunur. Bu səbəbdən müxalifətin referendumu boykot etməsi və seçiciləri səsverməyə getməməyə çağırması da nəticəyə təsir göstərə bilər. Məncə, hakimiyyət xalqı təşviq edə biləcək. Ermənilər də başa düşür ki, sülh və dövlətçiliyin möhkəm olması üçün köhnə konstitusiya maneədir. Paşinyan yeni respublika qurduğunu bəyan edir. O baxımdan, gərgin keçsə də, yekunda nəticələr müsbət olacaq. Azərbaycan üçün ən vacib məsələ isə referendumun nəticəsindən asılı olmayaraq, sülh sazişinin hüquqi baxımdan etibarlı və uzunmüddətli olmasıdır”.

Mənbə: musavat.com