ABŞ və İran arasında mümkün razılaşmanın ilkin çərçivəsinə dair sensasion iddialar yayılıb. Sənədə əsasən, Tehran yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü ölkəyə təhvil verə, Hörmüz boğazı isə cəmi yeddi gün ərzində beynəlxalq gəmiçiliyə açıla bilər.
Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalının yaydığı iddialara görə, Vaşinqton və Tehran arasında müzakirə olunan ilkin razılaşma layihəsi nüvə proqramı, Hörmüz boğazının təhlükəsizliyi və İrana qarşı iqtisadi sanksiyaların yumşaldılmasını əhatə edir.
İddialara əsasən, mümkün anlaşmanın əsas müddəaları bunlardır:
* Uran ehtiyatları: İran yüksək səviyyədə zənginləşdirilmiş uranı tərəflərin razılaşacağı üçüncü ölkəyə göndərə və ya zənginləşdirmə səviyyəsini azalda bilər.
* Hörmüz boğazı: İlkin razılaşmadan sonra yeddi gün ərzində beynəlxalq dəniz nəqliyyatı üçün yenidən açıla bilər.
* Çinin rolu: Pekin mümkün anlaşmanın icrası və davamlılığının təmin edilməsində iştirak edə bilər.
* Danışıqların məkanı: ABŞ və İran nümayəndələri İstanbul əvəzinə Dohada birbaşa görüşə bilərlər.
* Sanksiyalar: İranın nüvə və dəniz təhlükəsizliyi sahəsində atacağı addımlarla paralel ABŞ iqtisadi məhdudiyyətləri mərhələli şəkildə yumşalda bilər.
* Beynəlxalq nəzarət: Müstəqil yoxlama mexanizmi tərəflərin öhdəliklərinə əməl etməsini qiymətləndirəcək.
* Qarşılıqlı təminatlar: Heç bir tərəf qarşı tərəfin yoxlanıla bilən öhdəliklərini almadan ciddi güzəştlərə məcbur edilməyəcək.
Layihədə vasitəçilərin və təminatçı ölkələrin iştirakı ilə xüsusi mübahisələrin həlli mexanizminin yaradılması da nəzərdə tutulur. Məqsəd mümkün pozuntuların yenidən hərbi qarşıdurmaya çevrilməsinin qarşısını almaqdır.
Əsas məsələ: Hörmüz və İranın nüvə proqramı
İddialar təsdiqlənərsə, bu, ABŞ–İran qarşıdurmasının diplomatik yolla yumşaldılması istiqamətində mühüm dönüş ola bilər.
Xüsusilə Hörmüz boğazının açılması qlobal neft bazarı və beynəlxalq enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır.
Bununla belə, söhbət hələlik razılaşdırılmış və imzalanmış sənəddən deyil, mediada yayılan ilkin layihə barədə iddialardan gedir. Vaşinqton və Tehranın bütün bu şərtləri qəbul etdiyi təsdiqlənməyib.
Ən mühüm sual isə açıq qalır: İran nüvə proqramı ilə bağlı ciddi güzəştlərə gedəcəkmi və ABŞ bunun müqabilində sanksiyaları hansı həcmdə aradan qaldıracaq?
Mənbə: musavat.com