Şimali Koreya Cənubi Koreyanı daxili işlərinə müdaxiləni davam etdirəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdar edib.
“The Korea Herald”a istinadən xəbər verilir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq sərhəd bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.
O bildirib ki, Cənubi Koreyaya qarşı təbliğat aparmaq üçün istifadə edilən səsgücləndiricilər bir neçə gün ərzində sərhəd boyunca yerləşdiriləcək.
“Cənubi Koreya daxili işlərə müdaxiləni davam etdirəcəyi halda ən ağır və çətin vəziyyətlə üzləşəcək”, - liderin bacısı vurğulayıb.
Qeyd edək ki, sentyabrın 21-də hərbsizləşdirilmiş zonada minanın partlaması nəticəsində üç Cənubi Koreya əsgərinin yaralanmasından sonra iki ölkə arasında gərginlik yenidən artıb. Seul hadisəyə görə Pxenyanı ittiham etsə də, Şimali Koreya məsuliyyəti üzərinə götürməyib. Kim Yo Conq oktyabrın 19-da Cənubi Koreyanı sərhəddə vəziyyəti gərginləşdirməkdə ittiham edib.
Mənbə: qafqazinfo.az