E.Əmirbəyov görüşlər zamanı tərəfdaşlarını Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar, Cənubi Qafqazda dayanıqlı və dönməz sülhün təmin edilməsi üçün zəruri şərtlər, Azərbaycanın gözləntiləri və bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət barədə məlumatlandırıb. O, həmçinin Avropa tərəfdaşlarının postmünaqişə dövründə sülh quruculuğu prosesinə göstərə biləcəyi siyasi dəstəyin əhəmiyyətini vurğulayıb.
E.Əmirbəyov Azərbaycanın dünyada mina və partlamamış sursatlarla ən çox çirklənmiş ölkələrdən biri olduğunu qeyd edərək, azad edilmiş ərazilərdə mina təhlükəsinin insan həyatı üçün ciddi risk yaratdığını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına, eləcə də bərpa və yenidənqurma işlərinə ciddi maneə törətdiyini vurğulayıb. Problemin humanitar miqyası nəzərə alınaraq, minatəmizləmə sahəsində beynəlxalq həmrəyliyin və tərəfdaş ölkələrin dəstəyinin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Tərəflər hökumətlərarası siyasi dialoqla yanaşı, parlamentlərarası əməkdaşlığın da qarşılıqlı etimad və anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verə biləcəyini vurğulayıblar. Bu baxımdan, Azərbaycan və Belçika parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən parlament üzvlərinin qarşılıqlı səfərlərinin və müntəzəm görüşlərinin təşkili xüsusi əhəmiyyət kəsb edir.
Belçika parlamentinin rəhbərliyi ilə görüşlərdə parlamentlərarası dialoqun gücləndirilməsinin qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə və regionda mövcud reallıqları, eləcə də sülhün möhkəmləndirilməsi səylərini nəzərə almayan qərəzli və qeyri-konstruktiv təşəbbüslərin qarşısının alınmasına töhfə verə biləcəyi diqqətə çatdırılıb. Konstruktiv və davamlı parlamentlərarası təmasların həm Azərbaycan-Belçika münasibətlərinin möhkəmləndirilməsi, həm də həssas xarakterini qoruyan Azərbaycan-Ermənistan normallaşma prosesinə xələl gətirə biləcək təşəbbüslərin qarşısının alınması baxımından əhəmiyyəti vurğulanıb.
Mənbə: oxu.az