Çexiya Prezidenti Petr Pavel Moskva və Kiyev arasında atəşkəs razılaşmasının "kifayət qədər yaxın" olduğunu, lakin ABŞ Prezidenti Donald Trampın Rusiya dizelinin tədarükünə qoyulan məhdudiyyətləri yumşaltmasından sonra vəziyyətin kəskin dəyişdiyini bildirib.
Bu barədə o, "Politico" nəşrinə müsahibəsində danışıb.
Çexiya lideri Trampı birbaşa xəyanətdə ittiham etməsə də, bu addımı ciddi səhv adlandırıb.
Pavelin sözlərinə görə, Rusiya bu saziş sayəsində üzərindəki iqtisadi-siyasi təzyiqi zəiflətmək üçün yeni stimul və mənəvi dəstək alıb.
Çexiya Prezidenti xəbərdarlıq edib ki, indi atəşkəsə nail olmaq xeyli çətinləşəcək:
“Moskva yaranmış fürsətdən istifadə edərək Avropa və Ukraynanın mövqeyini nəzərə almadan birbaşa Vaşinqton və Pekinlə razılaşmalar əldə etməyə üstünlük verə bilər”.
Oktyabrın 9-da Donald Tramp Vladimir Putinlə ABŞ-a kütləvi dizel tədarükü barədə razılığa gəldiyini açıqlamışdı. Sazişə əsasən, Rusiya noyabr ayında ABŞ-a 500 min ton, daha sonra isə əlavə 1 milyon ton yanacaq göndərməlidir.
Petr Pavelin bu çıxışı Avropanın NATO müttəfiqləri arasında Trampın "qaranlıq" enerji diplomatiyasına qarşı artan narazılığın bariz göstəricisidir. İllərdir ABŞ Avropanı Rusiya enerjisindən asılılığa görə tənqid edirdi. İndi isə Tramp administrasiyası daxili bazarda yanacaq qiymətlərini (xüsusilə $6.50/qallon həddinə çatan dizeli) aşağı salmaq üçün Moskvanın ixrac kanallarını açır.
Vaşinqton bir tərəfdən Ukraynanı Osloda və Əbu-Dabidə danışıqlar masasına əyləşməyə təhrik edir, digər tərəfdən isə Rusiya iqtisadiyyatına hava-su kimi lazım olan maliyyə resursunu (dizel gəlirlərini) bərpa edir.
Pavel açıq şəkildə işarə edir ki, Vaşinqtonun Rusiya ilə ikitərəfli "biznes sazişlərinə" girməsi Avropa İttifaqının vahid sanksiya cəbhəsini və təhlükəsizlik arxitekturasını darmadağın edir.
Mənbə: bizim.media