Ermənistan hakimiyyəti Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağın mümkün ağır iqtisadi nəticələri barədə xəbərdarlıqlara sərt cavab verib. İrəvan rəsmiləri Rusiyadan qazın bahalaşması ehtimalını qəbul etsələr də, ölkənin iqtisadi təzyiqlərə tab gətirə biləcəyini bildirirlər.
Erməni mediasına istinadən xəbər verilir ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Asmik Akopyan Ermənistanın öz razılığı olmadan Aİİ-dən çıxarılmasının mümkün olmadığını bəyan edib.
Deputatın sözlərinə görə, təşkilatın nizamnaməsində üzv dövlətin digər ölkələrin təşəbbüsü ilə kənarlaşdırılması və ya üzvlüyünün dayandırılması mexanizmi nəzərdə tutulmayıb.
“Əgər nizamnaməni oxusanız, Ermənistanın özü belə bir istək bildirmədiyi halda üzvlüyünün dayandırılması imkanını görməyəcəksiniz. Yeganə yol dövlətin təşkilatdan çıxmaq niyyətini altı ay əvvəl bildirməsidir. Başqa imkan yoxdur”, – deyə Akopyan vurğulayıb.
O bildirib ki, Ermənistan hazırda Aİİ-dən çıxmaq məsələsini nəzərdən keçirmir və təşkilat qarşısındakı öhdəliklərini pozmaq niyyətində deyil.
Akopyan Aİİ üzvü olan üç ölkənin hazırladığı hesabatda Ermənistan üçün göstərilən iqtisadi risklərə də münasibət bildirib. Həmin sənəddə Rusiya qazının qiymətinin 69 faiz bahalaşması, ticarət və əmək miqrasiyası sahələrində məhdudiyyətlərin yaranması ehtimalı nəzərdən keçirilir.
Deputatın sözlərinə görə, Ermənistanın dövlət qurumları ən ağır iqtisadi ssenariləri belə təhlil edir və zərurət yaranarsa, müvafiq həll yolları təqdim olunacaq.
“Hazırda belə bir problem mövcud deyil. Ermənistan özü istəmədiyi halda onu Aİİ-dən çıxarmaq mümkün deyil”, – deyə o bildirib.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan isə daha diqqətçəkən açıqlama ilə çıxış edib. Nazir bildirib ki, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Maliyyə Nazirliyinin hesablamalarına əsasən, Ermənistanın Aİİ-dən çıxmasının birbaşa mənfi iqtisadi təsiri cəmi 0,65 faiz qiymətləndirilir.
Onun sözlərinə görə, Rusiya qazının bahalaşması daha ciddi nəticələr yarada bilər. Müxtəlif ssenarilərdə bunun iqtisadiyyata təsiri 5–7 faiz, bəzi hallarda isə daha yüksək ola bilər.
Bununla belə, Papoyan qazın kəskin bahalaşmasının Ermənistan iqtisadiyyatı üçün öhdəsindən gəlinməz problem olmadığını söyləyib.
Nazir ucuz enerji resurslarının siyasi və iqtisadi qiymətinə də toxunub.
“Dünyada elə bir şey yoxdur ki, onun əvəzini ümumiyyətlə ödəməyək. Əgər hansısa məhsulu bazar qiymətindən ucuz alırıqsa, həmin fərqin əvəzini başqa hansı yollarla ödədiyimizi də qiymətləndirməliyik”, – deyə Papoyan bildirib.
Bu açıqlama Ermənistanın Rusiyadan aldığı güzəştli qazın qarşılığında müəyyən asılılıqlarla üzləşdiyinə eyham kimi qiymətləndirilə bilər.
Papoyanın sözlərinə görə, Ermənistan uzunmüddətli perspektivdə enerji resurslarını bazar qiymətləri ilə almağa uyğunlaşmalı, alternativ enerji mənbələrini inkişaf etdirməlidir. O, bu istiqamətdə günəş və su enerjisini, yaşıl hidrogeni, eləcə də elektrik enerjisinin saxlanılması texnologiyalarını xüsusi qeyd edib.
Erməni nazir həmçinin Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasının Aİİ qarşısındakı öhdəliklərin pozulması anlamına gəlmədiyini bildirib.
“Ermənistan Aİİ qarşısındakı bütün öhdəliklərini həmişə vicdanla yerinə yetirib. Hətta bizdən tələb olunandan daha artığını etmişik”, – deyə Papoyan vurğulayıb.
Onun sözlərinə görə, ticarət məhdudiyyətləri ilə bağlı yaranan fikir ayrılıqları siyasi qarşıdurma deyil, iqtisadi mübahisə kimi həll edilməlidir.
Mənbə: musavat.com